www.science.az
11.05.2016 09:01

AMEA jurnalisti ABŞ-ın məşhur jurnalında Xəzər suitisinin böhranından yazıb

ABŞ-ın məşhur “Natural History” elmi-publisistik jurnalının may nömrəsində Xəzər suitisi barədə geniş məqalə dərc edib. “Now Way Out” (“Çıxış yolu yoxdur”) sərlövhəli yazının müəllifi AMEA Geologiya və Geofizika İnstitutunun (GGİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri, elmi jurnalist Səid Hüseynovdur.

Yazıda son 120 ildə tənzimlənməyən ov, çirklənmə və digər amillər səbəbindən Xəzər suitilərinin sayının bir milyondan 104 minə endiyi deyilir. Hətta 20 il əvvəl – 1990-cı illərin sonlarında dənizin hər 2 kvadrat kilometrinə 1 suiti düşürdüsə, hazırda hər 4 kvadrat kilometrə 1 suiti hesablanır. Sözügedən məməli növü 2008-ci ilin oktyabrından etibarən “IUCN” adı ilə tanınan Təbiətin Mühafizəsi üzrə Beynəlxalq Birliyin “Qırmızı siyahı”sında “vəziyyəti təhlükəli” statusunu daşıdığı qeyd edilir.

Müəllif Xəzəryanı ölkələrdən əlavə, İngiltərə, Niderland və Yaponiya alimlərinin məsələyə dair uzunmüddətli tədqiqatları əsasında 4 ay jurnalist araşdırması aparıb. O, alim tədqiqatlarının elmi jurnallarda dərc olunmuş nəticələrini məqalə halında toplayıb və “Natural History”yə təqdim edib. Materialda AMEA Həsən bəy Zərdabi adına Təbiət Tarixi Muzeyinin direktoru, biologiya üzrə fəlsəfə doktoru Tariyel Eybatovun 45 illik tədqiqat və müşahidələrinin nəticələri xüsusi ilə geniş yer alıb.

Məqalədə Azərbaycanın qeyd olunan problemlərlə gərgin mübarizəsi və bu istiqamətdə Prezident İlham Əliyevin imzalamış olduğu mühüm sənədlər, həyata keçirilmiş konkret tədbirlər, həmçinin AMEA-nın prezidenti, akademik Akif Əlizadənin təşəbbüsündən sonra ölkə rəhbərinin sərəncamı ilə “Xəzər Elmi Tədqiqat Mərkəzi”nin yaradılması xüsusi vurğulanır.

Qeyd edək ki, çəqalə S.Hüseynovun “Natural History” jurnalında üçüncü çıxışıdır. Beş il əvvəl onun sözügedən nəşrdə Binəqədi fauna və flora Dördüncü dövr qəbiristanlığı, 2012-ci ildə isə qlobal iqlim dəyişmələrinin Xəzərə təsiri barədə geniş materialları dərc olunub.

Xəzərin ekoloji durumu barədə statistik məlumatlarla böyük diqqət çəkən məqalənin tam mətnini jurnalın internet səhifəsinin aşağıdakı ünvanında təqdim edirk:

http://nhmag.com/features/072948/no-way-out

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.