www.science.az
16.01.2014 00:00

AMEA Ədəbiyyat İnstitutunda 20 yanvar hadisələrinin 24-cü ildönümü münasibətilə xatirə tədbiri keçirilmişdir

AMEA Nizami adına Ədəbiyyat İnstitutunda 20 yanvar hadisələrinin 24-cü ildönümü münasibətilə xatirə tədbiri keçirilmişdir.

Əvvəlcə 20 yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla anılmışdır.

Tədbiri giriş sözü ilə AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik İsa Həbibbəyli açaraq bildirmişdir ki, 1990-cı ilin 20 yanvar faciəsi azadlıq mücadiləmizin şanlı səhifəsi kimi Azərbaycan xalqının xatirəsində əbədi yaşayacaqdır. Bu tarix nə qədər hüznlə anılsa da, bir o qədər də xalqımızın şərəf tarixi kimi yada salınır.

Akademik qeyd etmişdir ki, uzun zaman 20 yanvar hadisələrinə siyasi qiymət verilməyib. Taleyin hökmü ilə Naxçıvana işləməyə gələn ulu öndər Heydər Əliyev keçirdiyi rəsmi iclasda ilkin olaraq həmin hadisələrə siyasi qiymət verdi. Sovet imperiyası tərəfindən silahlı ordunun əliyalın əhalinin üstünə yeridilməsi dünya ictimaiyyətinin diqqətinə çatdırıldı. Bu, hadisələrin dünya miqyasında pislənməsi üçün birinci addım oldu. 1993-cü ildə Azərbaycan Respublikasının Prezidenti seçilən Heydər Əliyev bu hadisələrə ölkə səviyyəsində siyasi qiymət verdi, hüquqi qiymət verilməsi üçün isə şərait yaratdı. İsa Həbibbəyli 20 yanvar hadisələrinin xalqımızın azadlıq uğrunda mübarizə tarixində şərəfli yer tutduğunu xüsusi vurğulamışdır.

Sonra AMEA Nizami adına Ədəbiyyat İnstitutunun direktor müavini, filologiya üzrə elmlər doktoru Məhərrəm Qasımlı “20 yanvar: tarix və müasirlik” mövzusunda məruzə ilə çıxış etmişdir. Natiq 20 yanvar hadisələrinin təfərrüatlarından bəhs edərək Azərbaycan xalqının qəhrəmanlıq tarixində 20 yanvar hadisələrinin əhəmiyyətli yer tutduğunu bildirmişdir.

Filologiya üzrə elmlər doktoru Vaqif Yusifli və başqaları məruzə ətrafında çıxış etmişlər.

Sonda İsa Həbibbəyli 20 yanvar hadisələrini əhatə edəcək tədqiqatların aparılması, elmi işlərin yazılması, monoqrafiyaların çap olunmasını tövsiyə etmişdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.