www.science.az
05.05.2016 10:17

AMEA-nın ikinci Xüsusi şöbəsində növbəti seminar-məşğələ keçirilib

Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyəti aparatında İkinci Xüsusi şöbənin növbəti seminar-məşğələsi keçirildi. Akademiyanın institut və təşkilatlarının Mülki Müdafiə (MM) qərargah rəisləri ilə baş tutan seminar-məşğələni giriş sözü ilə İkinci Xüsusi şöbənin rəisi Eldar Quliyev açaraq plan üzrə nəzərdə tutulan məsələləri iştirakçıların diqqətinə çatdırdı. Eldar Quliyev qeyd olunan ilk məsələ kimi ölkəmizdə baş verən sellər və daşqınlar barədə qısaca məlumat verdi, sellərin vurduğu ziyan və dağıdıcı təsirlərindən danışdı. Şöbə müdiri planda əksini tapan mövzu ilə bağlı çıxış edəcək qonağı seminar iştirakçılarına təqdim etdi, AMEA-nın akademik H.Əliyev adına Coğrafiya İnstitutunun Qurunun hidrologiyası və su ehtiyatları şöbəsinin müdiri, professor Rəna Qaşqayın bu istiqamətdə uzun müddət araşdırma aparan alimlərdən olduğunu, sel və daşqın problemləri ilə bağlı əlaqədar qurumlara öz təkliflərini də verdiyini bildirdi.

Sonra Rəna Qaşqay "Azərbaycan Respublikasında sellər və daşqınlar" adlı məruzə ilə çıxış edərək Azərbaycanın bütün ərazilərində, xüsusilə də Naxçıvan və Böyük Qafqazda daha geniş yayıldığını, sellərin zəlzələlər qədər dağıdıcı gücə malik kortəbii proses olduğunu nəzərə çatdırdı: "Təbii-dağıdıcı proseslər arasında ən mürəkkəbi sel axınları və daşqınlardır. Keçən illərdə baş verən selin izlərinə əsaslanaraq demək olar ki, hər bir orta güclü sel bir milyon kubmetr həcmində sülb materialları gətirir. Lakin bu həcm 10 milyon kubmetrə çata bilir. Bu da nadir hal olaraq təxminən 20 ildən bir müşahidə edilir. Sellər, əsasən yay quraqlıq mövsümündən sonra oktyabr, bəzən isə sentyabr aylarında baş verir. Bu zaman düşən güclü yağışlar (sutkada 20-30 mm) təsərrüfatlara, yollara, yaşayış məntəqələrinə böyük zərər vuran sellər əmələ gətirir".

Öz məruzəsində selləri əmələ gətirən faktorlardan da bəhs edən alim tez aşına bilən süxurlar, həddən artıq mal-qaranın otarılması, meyilli sahələrdə torpaqların uzununa şumlanması, intensiv yağan yağışlar (damcılar hissəciklərlə birləşib sahədəki süxurları yuyub aparır), insan fəaliyyətinin təsiri və çirkli suların çaylara tökülməsini sellərə səbəb olan amillər sırasında qeyd etdi. Bunların qarşısını almaq üçün müxtəlif tədbirlər görüldüyünü, aktiv və passiv metodlardan istifadə olunduğunu deyən Rəna Qaşqay aktiv metodu daha uğurlu hesab etdiyini vurğuladı: "Bunlardan ən dəyərlisi aktiv metodların tətbiq olunmasıdır. Bu da yamaclarda meşə-meliorativ işlərin aparılmasını nəzərdə tutur. Bu uzunmüddətli işlər olsa da, yamacların bərkidilməsində böyük rol oynayır. Ağaclar, yarpaqlarla örtülmüş meşə suyu torpağa hopduraraq selin qarşısını alır. Sellərin qarşısını almaq üçün passiv metod dedikdə isə sədlər və kanallar nəzərdə tutulur".

Bildirilib ki, Azərbaycan dağlıq ölkə olduğundan çaylar qarışıq qida mənbələrinə malikdir. Qışda yağan qarlar hər il çaylarda mart ayından başlayaraq gursululuqlar və daşqınlar yaradır. Bu proseslərdə təbii şəraitlə bərabər, insanın təsərrüfat fəaliyyəti də az rol oynamır. Alimin sözlərinə görə, tənzimlənmiş çaylarda vahid idarəetmə sistemi yaradılmalı və proqnoz əsasında su anbarlarının rejimi idarə edilməlidir. Əks halda 2010-cu ilin may ayında Kür çayında baş verən fəlakət yenə təkrar oluna bilər. 2003, 2006 və 2016-cı illərdə baş vermiş daşqınlarda insan faktorunu xüsusi vurğulamaq lazımdı. Və bunun yeganə həll yolu su anbarlarının tikilməsi idi ki, 1953-cü ildə Mingəçevir su anbarının ərsəyə gətirilməsi daşqınların qarşısını aldı.

Seminar-məşğələdə MM qərargah rəislərinin mövzuyla bağlı fikirləri səsləndirildi, suallar cavablandırıldı.

Tədbirin növbəti hissəsində Akademiya prezidentinin "AMEA-nın elmi müəssisələrində Mülki Müdafiə planlarının tərtib edilməsi barədə" 22 fevral 2016-cı il tarixli Sərəncamının icrası haqqında Eldar Quliyevin çıxışı dinlənildi, sərəncamın icra vəziyyəti ilə bağlı məlumatlar nəzərə çatdırıldı.

Daha sonra AMEA-nın elmi müəssisələrində aparılan yoxlamaların nəticələri haqqında müzakirələr aparıldı, tövsiyələr edildi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.