www.science.az
04.05.2016 13:22

Akademik Fikrət Əliyev Mərakeşdə beynəlxalq konfransda məruzə ilə çıxış edib

27-29 aprel 2016-cı il tarixlərində Mərakeş Krallığının Beni-Mellal şəhərində XI Ədədi Analiz və Optimallaşdırma üzrə Beynəlxalq konfransı keçirilib (“The 11th Conference on Numerical Analysis and Optimization”).

Beynəlxalq tədbirdə ölkəmizi Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun direktoru, akademik Fikrət Əliyev təmsil edib.

Konfransın elm komitəsinin üzvü olmuş akademik F.Əliyev “The methods to identification of the parameters of the dynamic systems and applications” (Dinamik sistemlərin parametrlərinin təyini üçün identifikasiya metodları və tətbiqləri) adlı plenar məruzə ilə çıxış edib. Məruzədə müxtəlif dinamik sistemlərin parametrlərinin təyini ilə bağlı identifikasiya məsələləri öyrənilib və onların həlli üçün yeni effektiv həll üsulları təklif olunub. Alınmış nəticələr qazlift quyularında hidravlik müqavimət əmsalının təyin edilməsi məsələsinə tətbiq edilir.

Qeyd edək ki, bu konfransda dünyada tanınmış alimlərdən olan A. Larhimi (Fransa), A. Cəfəri, A. Nachaoui, M. Quafafou (Fransa), H. Riahi (Mərakeş Krallığı), T. Tadumadze (Gürcüstan) və başqaları maraqlı məruzələrlə çıxış ediblər. Morokko Tətbiqi Riyaziyyat Elmi Cəmiyyətinin sədri K. Nəcib Azərbaycanda aparılan tədqiqat işləri ilə maraqlanıb və əlaqələrin qurulması üçün maraqlı olduqlarını bildirib. Azərbaycanda çap olunan Thomson Reuters syahısında olan jurnalların iş təcrübəsi konfrans iştirakçılarının marağına səbəb olub və bu təcrübədən faydalanmaları üçün əlaqələrin genişləndirilməsinin vacibliyi qeyd olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.