Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

AMEA Naxçıvan Bölməsində “Yazıçı-publisist və pedaqoq Eynəli bəy Sultanov” adlı elmi konfrans keçirilib
04.05.2016 11:00
  • A-
  • A
  • A+

AMEA Naxçıvan Bölməsində “Yazıçı-publisist və pedaqoq Eynəli bəy Sultanov” adlı elmi konfrans keçirilib

Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsində Naxçıvan Dövlət Universiteti, “Naxçıvan” Universiteti, Naxçıvan Müəllimlər İnstitutunun birgə təşkilatçılığı ilə yazıçı-publisist və pedaqoq Eynəli bəy Sultanovun anadan olmasının 150 illiyinə həsr olunmuş elmi konfrans keçirilib.

Tədbiri giriş sözü ilə bölmənin sədri, akademik İsmayıl Hacıyev açıb. Akademik bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Eynəli bəy Sultanovun 150 illik yubileyinin keçirilməsi haqqında” 2016-cı il 15 fevral tarixli Sərəncamı ilə görkəmli yazıçının yubileyi muxtar respublikada geniş qeyd olunur. Eynəli bəy Sultanov 1866-cı il may ayının 5-də Naxçıvan şəhərində anadan olub. 1882-ci ildə öz evində “Ziyalılar cəmiyyəti” təşkil edərək şəhərin bütün tərəqqipərvər, açıq fikirli adamlarından Paşa ağa Sultanov, Mirzə Cəlil Mirzəyev (Şürbi), Mirzə Ələkbər Xəlilov, Əsəd ağa Kəngərli, Qurbanəli Şərifov, Baxşəli ağa Şahtaxtlı, Nəsrulla Şeyxov və başqalarını həmin cəmiyyətə cəlb etmişdir. 

Qeyd edilib ki, bu cəmiyyətdə dövrün ictimai-siyasi, qadın azadlığı məsələləri müzakirə edilir, yeni məktəblər, kitabxanalar açmaq qərara alınır, elmi-ədəbi mübahisələr keçirilirdi. Burada Aleksandr Puşkin, Lev Tolstoy, Belinski, Dobrolyubov kimi görkəmli rus yazıçı və şairlərinin də əsərləri oxunur, tərcümə edilir və fikirləri üzərində elmi mübahisələr aparılır, xalqı qəflət yuxusundan oyatmaq üçün hər cür səy göstərilirdi.Unudulmaz qələm sahibi bədii yaradıcılıq sahəsində də öz istedadını sınamışdır. XIX əsrin 80-ci illərindən ədəbi fəaliyyətə başlayan ədibin “Azərbaycan qızı” (“Tatarka”) pyesi Naxçıvanda tamaşaya qoyulmuş, 1904-cü ildə İrəvanda kitab halında nəşr edilmişdir. Qadın azadlığı məsələsinə həsr edilən bu pyes dövrün ziddiyyətli məqamlarını, qadına olan ögey münasibəti və bu vəziyyətdən çıxış yolunu göstərən dəyərli əsərdir. Bununla yanaşı, Eynəli bəy Sultanov “Atalıq”, “Səhhət – verirsən, vermirsən” kimi pyeslər, hekayələr və şeirlər yazmış, əsərlərində köhnəliyin tənqidi, maarifçi ideyaların təbliği, folklor motivlərinin tərənnümü, milli dəyərlərimizin və qədim adət-ənənələrimizin təsviri öz əksini tapmışdır. Eynəli bəy Sultanov Naxçıvan folkloru materiallarını da toplamış, müasiri olduğu yazıçı və şairlərin əsərlərinə məqalə və resenziyalar yazmışdır.

Yazıçı-publisist müxtəlif vaxtlarda ədəbi tərcümə ilə məşğul olmuş, Mirzə Fətəli Axundzadənin “Molla İbrahimxəlil kimyagər” və “Hacı Qara” komediyalarını, Sədinin “Gülüstan” kitabından nümunələri və Baba Tahirin “Allah insan məhkəməsi qarşısında” adlı ictimai ruhlu məsnəvisini rus dilinə, Maksim Qorkinin “Həyatdan lövhələr”, Vladimir Mayakovskinin “Bakı” şeirini, Krılovun “Tülkü və üzüm” təmsilini Azərbaycan dilinə tərcümə etmişdir.

Konfransda AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun elmi işçisi Elxan Yurdoğlu “Eynəli bəy Sultanovun həyatı və yaradıcılıq yolu”, Naxçıvan Dövlət Universitetinin dekanı, dosent İman Cəfərov “Eynəli bəy Sultanov və “Molla Nəsrəddin” ədəbi məktəbi”, AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun şöbə müdiri, dosent Əkrəm Hüseynov “Eynəli bəy Sultanov və folklor”, “Naxçıvan” Universitetinin dosenti Nurlana Əliyeva “Eynəli bəy Sultanov Məhəmmədtağı Sidqinin müasiri kimi” mövzularda məruzələrlə çıxış ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

 

  • Paylaş: