www.science.az
03.05.2016 15:13

“Ulu öndər Heydər Əliyev irsində multikultural və tolerant dəyərlər” mövzusunda beynəlxalq konfrans

Mayın 3-də Bakı Slavyan Universitetində (BSU) ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr edilən “Ulu öndər Heydər Əliyev irsində multikultural və tolerant dəyərlər” mövzusunda beynəlxalq elmi konfrans işə başlayıb.

Tədbir BSU-nun, Təhsil Nazirliyinin, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) və AMEA-nın birgə təşkilatçılığı ilə baş tutub.

Əvvəlcə konfrans iştirakçıları Fəxri xiyabana gələrək, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyublar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üstünə gül dəstələri düzülüb.

Konfransda Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev ölkəmizdə tarixən mövcud olan multikultural və tolerant mühitdən, o cümlədən əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət-din münasibətlərinin inkişaf etdirilməsi istiqamətində görülən işlərdən söz açıb. “Ulu öndər Heydər Əliyev Azərbaycan multikulturalizminin siyasi banisidir” – deyən natiq ümummilli liderin Azərbaycanın əsrlər boyu formalaşmış çoxmədəniyyətlilik ənənəsini inkişaf etdirdiyini, onu keyfiyyətcə yeni müstəviyə keçirdiyini söyləyib.

Prezident İlham Əliyevin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan edildiyini xatırladan akademik ölkəmizdə multikulturalizmin artıq alternativi olmayan həyat tərzinə çevrildiyini söyləyib.

Tədbirdə çıxış edən AMEA-nın prezidenti, akademik Akif Əlizadə ölkədə multikulturalizmin dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrildiyini və bu sahədə uğurlu siyasətin aparıldığını bildirib. Ulu öndərin müasir müstəqil dövlətimizin yaranmasında, inkişafında və beynəlxalq aləmdə tanınmasında tarixi xidmətlərindən danışan akademik Akif Əlizadə görkəmli şəxsiyyət Heydər Əliyevin müstəqil Azərbaycanın daxili və xarici siyasət xəttinin əsaslarını qoyduğunu, inkişaf strategiyasını müəyyənləşdirdiyini vurğulayıb.

Digər çıxış edənlər də tarixi İpək Yolunda yerləşən Azərbaycanın müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq, əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı diyar kimi tanındığını vurğulayıblar.

Plenar iclasdan sonra konfrans işini “Heydər Əliyev irsi və Azərbaycan multikulturalizm modeli”, “Müasir Azərbaycanda multikultural cəmiyyət”, “Azərbaycan tarixi və mədəniyyəti”, “Azərbaycan dili”, “Azərbaycan ədəbiyyatı”, “Müasir Azərbaycan ulu öndər Heydər Əliyev ideyaları işığında” bölmələri üzrə davam etdirib.

Konfrans mayın 5-də başa çatacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.