Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

02.05.2016 14:18
  • A-
  • A
  • A+

15 ölkənin alim və mütəxəssisləri Xəzərin ekoloji problemlərini müzakirə edib

15 ölkənin alim və mütəxəssisləri Xəzərin ekoloji problemlərini müzakirə edib

AMEA Geologiya və Geofizika İnstitutunda Avropa Komissiyasının “Horizon-2020” Proqramının “PRIDE” layihəsi çərçivəsində elmi seminar keçirilib.

“Pont-Xəzərin biomüxtəlifliyi: çiçəklənmə və böhran” mövzusunda təşkil olunmuş tədbirə 15 ölkəni – İngiltərə, Niderland, İspaniya, Fransa, İtaliya, Türkiyə və s. təmsil edən gənc alim və mütəxəssislər qatılıb.

Tədbirin əhəmiyyətindən söz açan institutun elmi işlər üzrə direktor müavini, geologiya-mineralogiya elmləri doktoru Dadaş Hüseynov mövzu üzrə Azərbaycanda aparılmış tədqiqatların nəticələrindən danışıb.

Sonra beynəlxalq proqramın baş kuratoru, Niderlandı təmsil edən Frank Vesselinq Xəzər dənizinin ekoloji böhranına dair tədqiqatların gedişatı ilə bağlı məlumat verib. Bildirilib ki, seminarın keçirilməsində məqsəd təcrübə mübadiləsi, elmi-potensial imkanların birləşdirilməsi və tədqiqatların müştərək formada inkişaf etdirilməsidir.

Daha sonra tədbirdə yerli və əcnəbi alimlərin təqdimatında Xəzərin ekoloji problemlərinə dair elmi məruzələr dinlənilib.

Geologiya və Geofizika İnstitutunun şöbə müdirləri – proqramın Azərbaycan tərəfindən kuratoru, AMEA-nın müxbir üzvü Elmira Əliyeva və coğrafiya elmləri doktoru Vaqif Məmmədov, Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov və aparıcı elmi işçisi, coğrafiya elmləri doktoru Yelena Tağıyeva, həmçinin İngiltərədən Suzan Leroy, Niderlanddan Salomon Krunenberq,  Gürcüstandan Aleksandr Qoqaladze, Cənubi Afrika Respublikasından Artur Sands və digərlərinin çıxışları seminar iştirakçıları tərəfindən maraqla qarşılanıb, çoxsaylı suallar cavablandırılıb.

Tədbirdən sonra alimlər üçün çöl ekspedisiyası təşkil olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: