www.science.az
02.05.2016 14:17

Professor Qərib Mürşüdovun mühazirələri gənc tədqiqatçılar tərəfindən maraqla dinlənilib

Məlum olduğu kimi, 2015-2016-cı tədris ilində AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutuna “Molekulyar biologiya“ ixtisası üzrə 4 magistr qəbul olunub. AMEA-da ali təhsilin magistratura pilləsinin açılmasında əsas məqsəd elmin müasir istiqamətləri üzrə çalışan alimlərin cəlb olunmasıdır. Bu məqsədlə tədris prosesinə molekulyar biologiya elminin ən müasir sahələri üzrə çalışan alimlər cəlb olunurlar.

22-29 aprel 2016-cı il tarixlərində tanınmış alim, Böyük Britaniyanın Kembric Universitetinin Molekulyar biologiya laboratoriyasının Kompüter kristalloqrafiyası qrupunun rəhbəri, AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Bioloji Məhsuldarlığın Fundamental Problemləri şöbəsinin Hesablama struktur biologiyası laboratoriyasının müdiri, professor Qərib Mürşüdov magistratura pilləsinin II semestrində magistrlərə “Struktur biologiyanın üsulları” ixtisas kursundan mühazirələr oxuyub. Kurs bioloji makromolekulların, o cümlədən, zülalların quruluşunun öyrənilmə yollarını əhatə edir.

Mühazirələrdə zülalların ayrılması, təmizlənməsi və onların kristallarının alınma metodları, alınmış kristalların tədqiqi üçün rentgen – struktur analizi nəticələrinin kompüter analizi üsulları haqqında məlumat verilib.  

Mühazirələrdə AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun magistrləri ilə yanaşı, Genetik Ehtiyatlar və Botanika institutlarının, Bakı Dövlət Universitetinin Biologiya və Tətbiqi–riyaziyyat fakültələri və N.Tusi adına Azərbaycan Dövlət Pedoqoji Universitetinin Biologiya fakültəsinin  tələbə,  magistr və elmi işçiləri iştirak ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.