Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

28.04.2016 17:32
  • A-
  • A
  • A+

Neft və qaz quyularının qazılması zamanı baş verən mürəkkəbləşmələrin erkən diaqnostikası üsulları müzakirə olunub

Neft və qaz quyularının qazılması zamanı baş verən mürəkkəbləşmələrin erkən diaqnostikası üsulları müzakirə olunub

AMEA-nın Geologiya və Geofizika İnstitutunda “Geomexanikanın fənlərarası problemlərinin nəzəri və eksperimental tədqiqatlar kompleksi” mövzusunda layihə çərçivəsində növbəti “Geomexanika” seminarı keçirilib.

Seminarda elmi-tədqiqat layihə işinin bütün iştirakçıları və müxtəlif müəssisələrin nümayəndələri iştirak ediblər.

Tədbirdə layihənin rəhbəri, akademik Hətəm Quliyev layihədə nəzərdə tutulan işlərin uğurla davam etdirildiyini söyləyib. Bugünkü seminarda AMEA-nın müxbir üzvü Qalib Əfəndiyev, prof. Soltan Əliyev və g.-m.e.n. Kamilə Ağayevanın “Neft və qaz quyularının qazılması zamanı baş verən mürəkkəbləşmələrin erkən diaqnostikası üsullarının təkmilləşdirilməsi” mövzusunda məruzəsinin müzakirə olunacağını bildirib.

Sonra AMEA-nın müxbir üzvü Qalib Əfəndiyev məruzəni təqdim edib.

Məruzəçi bildirib ki, müxtəlif regionlarda, xüsusən mürəkkəb geoloji şəraiti olan sahələrdə, neft və qaz quyuları qazılan zaman, istər istismar, istərsə də kəşfiyyat quyularında qazma vaxtı mürəkkəbləşmələr baş verir və bunun aradan qaldırılmasına çoxlu vaxt və külli miqdarda vəsait sərf olunur.

Mürəkkəbləşmələrin səbəbləri, başvermə mexanizmləri və nəticələri barədə məlumat verən Q.Əfəndiyev qeyd edib ki, onların əksəriyyətinə anomal lay təzyiqləri zonalarında rast gəlmək olar. Lay təzyiqi yüksək olduqda, neft-qaz-su təzahürləri baş verə bilər və bir çox hallarda bunlar açıq fontana keçir. Lay təzyiqi çox kiçik olduqda məhlulun udulması kimi ağır mürəkkəbləşmə ilə rastlaşmaq olar.

Qeyd olunanlar qazıma zamanı dərin tədqiqatların aparılmasını, baş verə bilən mürəkkəbləşmələrin erkən mərhələdə proqnozlaşdırılması yollarının axtarılması məsələsini gündəliyə çıxarır.

Bildirilib ki, geoloji kəsilişin, yəni qazma şəraitinin öyrənilməsi, baş verən mürəkkəbləşmələrin ağırlıq dərəcəsi risqinin təhlili və araşdırılması aktual problem kimi diqqəti cəlb edir. Həmin tədqiqatların aparılması operativ surətdə qərar qəbul etmək üçün yaxşı zəmin olmaqla, qazma göstəricilərinin yaxşılaşdırılmasına gətirib çıxarar. Bu baxımdan təqdimatda informasiyanın xüsusiyyətindən asılı olaraq mürəkkəbləşmələrin proqnozlaşdırılması üçün statistik və qeyri-səlis yanaşma təklif olunur. Aparılan tədqiqatlar nəticəsində udulmaların intensivliyinə  təsir edən iki amil - məsaməlilik və keçiricilik üzrə aparılmış qeyri-səlis klaster-analiz nəticəsində beş sinif ayrılmışdır ki, onların hər biri udulmaların nisbi ağırlığı ilə səciyyələnir. Bu, layın süzülmə-tutum xüsusiy­yətlərinə görə udulmaları keyfiyyətcə  proqnozlaşdırmağa imkan verir.      

Qeyd olunub ki, udulmaların tezliyi və onların intensivliyi arasında baxılan şərait üçün qarşılıqlı əlaqə alınmış, udulmaların intensivliyinin artması ilə tezliyin hiperbolik qanuna tabe olaraq azaldığı göstərilmişdir. Udulmaların kəmiyyət və keyfiyyət xüsusiyyətlərinin risk kateqoriyaları ilə qarşılıqlı uyğunluğu müəyyən edilmiş və təsnifatı verilmişdir.

Məruzə seminar iştirakçıları tərəfindən maraqla qarşılanıb, suallar cavablandırılıb.

Tədbir işlərin nəticələrinin müzakirəsi ilə başa çatıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: