www.science.az
28.04.2016 16:31

AMEA-da M.Fəraqinin Azərbaycan dilinə tərcümə edilmiş “Divan”ının təqdimat mərasimi keçirildi

Aprelin 28-də AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Nizami adına Ədəbiyyat İnstitutunun təşkilatçılığı ilə böyük türkmən şairi Məhtimqulu Fəraqinin Azərbaycan dilinə tərcümə edilmiş “Divan”ının təqdimat mərasimi keçirildi.

Tədbiri giriş sözü ilə açan AMEA prezidenti, akademik Akif Əlizadə Azərbaycan və Türkmənistan arasında tarixi mehriban qonşuluq və dostluq münasibətlərindən söz açdı. AMEA rəhbəri hər iki ölkənin regionda güclü iqtisadi-siyasi mövqeyə malik olduğunu diqqətə çatdıraraq, Azərbaycan xalqı ilə türkmən xalqı arasındakı münasibətlərin hələ Sovet İttifaqının hakimiyyəti dövründə mövcud olduğunu dilə gətirdi.

Sonra AMEA rəhbəri Məhtimqulu Fəraqinin Azərbaycan dilinə tərcümə edilmiş “Divan”ını Türkmənistan EA-nın prezidenti, müxbir üzv Meret Aşırbayevə təqdim etdi.

M.Aşırbayev də öz növbəsində AMEA prezidentinə, o cümlədən akademiklər İsa Həbibbəyli və Teymur Kərimliyə müxtəlif xatirə hədiyyələri bağışladı.

Tədbirdə çıxış edən Türkmənistan EA-nın prezidenti, müxbir üzv Meret Aşırbayev Azərbaycan xalqının klassik türkmən şairi olan M.Fəraqiyə diqqət və sevgisini yüksək dəyərləndirdi. Alim bildirdi ki, “Divan”ın nəşri müstəqillik dövründə Azərbaycan-Türkmənistan ədəbi-mədəni əlaqələrinin daha da inkişaf etdirilməsi istiqamətində həyata keçirilən əlamətdar hadisələrdən biridir.

AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli çıxış edərək bildirdi ki, kitaba dünya ədəbiyyatının görkəmli nümayəndələrindən biri, türkmən xalqının böyük şairi Məhtimqulu Fəraqinin Bakıda yeni tapılmış “Divan”ındakı şeirlər toplanıb.

İsa Həbibbəylinin sözlərinə görə, 1914-cü ildə daşbasma üsulu ilə Buxara şəhərində çap edilmiş bu “Divan”dakı şeirlərin bir çoxu şairin nəşr edilmiş eyniadlı şeirlərindən fərqli və daha düzgündür, bir neçə şeir isə böyük sənətkarın bu vaxtadək nəşr edilmiş kitablarında yoxdur. Yeni tapılmış “Divan”da Məhtimqulu Fəraqinin dini məzmunlu şeirləri də vardır ki, bu şeirlərin keçmiş sovet dövründə onun külliyyatına daxil edilməsi mümkün deyildi.

Beləliklə, türkmən ədəbiyyatının yaradıcısı, Türkmənistanda milli dövlətçilik ideyalarının qüdrətli carçısı Məhtimqulu Fəraqinin zəngin və qiymətli irsinin öyrənilməsi, tədqiqi və nəşri bütün Türk dünyası üçün mühüm əhəmiyyət kəsb edir.

M.Fəraqinin milli birlik ideyaları dünyada və türk xalqları arasında birliyin, həmrəyliyin, dostluğun və qarşılıqlı etimadın daha da möhkəmlənməsinə işıq salır.

Sonra Türkmənistanın Azərbaycan Respublikasındakı səlahiyyətli və fövqəladə səfiri Toyli Kumekov çıxış etdi.  Səfir ölkələrimiz arasında digər sahələrdə olduğu kimi, elmi əməkdaşlıq istiqamətində də mühüm nəticələr əldə ediləcəyinə inamını ifadə etdi. Qeyd etdi ki, ölkə prezidentlərinin istər ikitərəfli, istərsə də beynəlxalq tədbirlər çərçivəsində görüşləri gələcəkdə əməkdaşlığımızın daha da möhkəmləsinə rəvac verəcək.

Tədbirdə M.Fəraqinin “Divan”ının Azərbaycan dilində nəşrinə görə və Azərbaycan və türkmən münasibətlərinin humanitar əməkdaşlığı sahəsinin inkişafına verdiyi töhfələrə görə akademiklər İsa Həbibbəyli, Teymur Kərimli və İsmixan Osmanlı Türkmənistanın Azərbaycandakı səfirliyi tərəfindən diplomla təltif olundular.

Tədbirdə Türkmənistan EA-nın Milli Əlyazmalar İnstitutunun direktor müavini Rəhmanberdi Qodarov, Humanitar Elmlər Bölməsinin akademik-katibi, Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli, Ədəbiyyat İnstitutunun direktor müavini, filologiya üzrə elmlər doktoru Məmməd Əliyev, Əlyazmalar İnstitutunun direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov, Ədəbiyyat İnstitutunun əməkdaşı İsmixan Osmanlı və digərləri çıxış edərək nəşrin əhəmiyyətindən danışdılar. Bildirdilər ki, bu əsərin Azərbaycan dilinə uyğunlaşdırılaraq Bakıda nəşr edilməsi görkəmli sənətkarın yaradıcılığına Azərbaycan alimlərinin növbəti töhfəsidir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.