Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

26.04.2016 12:46
  • A-
  • A
  • A+

“Ermənistan və Azərbaycanın qadağan olunmuş tarixi” filmi AMEA-da nümayiş olunub

“Ermənistan və Azərbaycanın qadağan olunmuş tarixi” filmi AMEA-da nümayiş olunub

Azərbaycan Milli Elmlər Akademiyasında “Ermənistan və Azərbaycanın qadağan olunmuş tarixi” filmi nümayiş olunub.

Bununla bağlı təşkil olunmuş tədbirdə AMEA Alimlər Evinin direktoru, tarix üzrə fəlsəfə doktoru Nuridə Quliyeva  film haqqında qısa məlumat verərək bildirib ki, ekran əsərində Ermənistanın Azərbaycana qarşı təcavüzünün ayrı-ayrı mərhələləri, Dağlıq Qarabağ münaqişəsinin yaranma tarixi, o cümlədən xalqımızın tarixi-mədəni irsi və ənənələri, digər kulturoloji aspektlər yer alıb. Azərbaycanın tarixən üzləşdiyi ədalətsizliklər, soyqırımları, Qarabağ müharibəsinin törətdiyi fəlakətlər filmin leytmotivini təşkil edir.

Filmin müəllifi, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin siyasi araşdırmalar və analitik təhlil sektorunun müdiri Fuad Axundov filmdə Azərbaycanın müasir tarixinə dair faktlar, eləcə də işğal nəticəsində doğma yurdlarından köçkün düşən insanların acı həyatının əks olunduğunu bildirib. Qeyd edib ki, AMEA-da nümayiş olunan bu ekran əsəri “AZER-GLOBE” İctimai-Siyasi Tədqiqatlar İnstitutu yanında Qafqaz Tarixi Mərkəzinin Azərbaycanın tarixinin öyrənilməsi istiqamətində həyata keçirdiyi layihələr çərçivəsində çəkilib. Filmdə Azərbaycan tarixinə dair Rusiya, Türkiyə və digər ölkələrin arxivlərində saxlanılan nadir sənədlər də təqdim olunur.

Sonra “Ermənistan və Azərbaycanın qadağan olunmuş tarixi” filmi nümayiş olunub.

Böyük maraqla qarşılanan filmin təqdimatından sonar Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov çıxış edərək filmi ermənilərin saxta və qərəzli bəyanatlarına qarşı düşünülmüş növbəti addım kimi dəyərləndirib. Erməni mənbələrindəki uydurma faktlar əsasında erməni saxtakarlarını dünyaya yayan xarici müəlliflərin fəaliyyətinə qarşı bir cavab olaraq bu kimi sənədli filimlərin çoxseriyalı hazırlanmasını tövsiyə edib. Filmin ərsəyə gəlməsində əməyi olanlara minnətdarlığını bildirən Y.Mahmudov rəhbərlik etdiyi elm müəssisəsinin Azərbaycan tarixinin yenidən öyrənilməsi işində fəaliyyətindən və əldə olunan elmi nəticələrindən də danışıb.

Digər çıxış edənlər də ekran əsərinin əhəmiyyətindən danışıb, yaradıcı kollektivin real həqiqətlərə söykənən sülhə çağırış ideyasını yüksək qiymətləndiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: