www.science.az
25.04.2016 17:41

Oljas Süleymenova AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun Fəxri Doktoru adı verilib

Bu gün AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun Elektron akt zalında tanınmış şair, yazıçı, ədəbiyyatşünas, ictimai-siyasi xadim, diplomat, Qazaxıstanın Xalq Yazıçısı Oljas Süleymenovla görüş keçirildi.

AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli tədbiri giriş sözü ilə açaraq görüşün görkəmli qazax şairi O.Süleymenovun 80 illik yubileyinə həsr olunduğunu diqqətə çatdırdı. İ.Həbibbəyli bu əlamətdar günün Azərbaycan elmi ictimaiyyəti ilə birlikdə qeyd olunmasından böyük qürür hissi keçirdiyini vurğulayaraq,  yazıçını səmimi qəlbdən təbrik etdi, ona çoxcəhətli fəaliyyətində uğurlar arzuladı.

Sonra İsa Həbibbəyli O.Süleymenovun həyat və yaradıcılığına dair çıxış etdi. Onun Qazaxıstanın Türk dünyasına bəxş etdiyi böyük mütəfəkkir olduğunu dilə gətirdi. Bildirdi ki, O.Süleymenovun əsərləri Qazaxıstanda elm, ədəbiyyat, o cümlədən ictimai fikrin inkişafı və zənginləşməsinə böyük töhfələr vermişdir. “O.Süleymenov Azərbaycanda da böyük hörmətlə qarşılanır və sevilir” deyə bildirən alim yazıçının əsərlərinin ölkəmizdə dəfələrlə böyük tirajla nəşr olunduğunu vurğuladı. Bildirdi ki, Azərbaycanda hər kəs onu ümummilli lider Heydər Əliyevin silahdaşı, məsləkdaşı kimi yüksək qiymətləndirir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin "Ölkəmizdə latın qrafikalı ədəbiyyatın kütləvi nəşri haqqında" 12 yanvar 2004-cü il tarixli Sərəncamına əsasən O.Süleymenovun dünyaca məşhur “Az-Ya” əsəri 25 min tirajla çap olunmuşdur. Bu əsər Türk xalqlarının tarixinə yeni yanaşma, fərqli, orijinal münasibət sərgiləməklə yanaşı, yeni əsrin təkcə başlanğıcı deyil, həm də hərəkətverici qüvvəsi kimi xarakterizə olunur.

İ.Həbibbəylinin sözlərinə görə, Ədəbiyyat İnstitutunda O.Süleymenovun həyat və yaradıcılığına dair geniş elmi-tədqiqat işi aparılmış, rus dilndə 2 monoqrafiya çap olunmuşdur. O.Süleymenov hər zaman vətəndaş ziyalılığını təmsil etmiş, 90-cı illərdə - Azərbaycanın çətin günlərində Bakıya səfər edərək xalqımızın dövlət müstəqilliyi uğrunda apardığı şərəfli mübarizəni dəstəkləmişdir.

Sonra akademik İsa Həbibbəyli O.Süleymenova AMEA Ədəbiyyat İnstitutunun Fəxri Doktoru adını təqdim etdi. Qeyd edək ki, Azərbaycanın dövlət müstəqilliyi ideyalarının müdafiə olunmasında, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında, Azərbaycanla Qazaxıstan arasında və Türk dünyası arasında beynəlxalq aləmdə çoxcəhətli elmi-ədəbi, mədəni əlaqələrin inkişafındakı xidmətlərinə görə O.Süleymenova Ədəbiyyat İnstitutunun fəxri doktoru adını vermək haqqında qərar institutun 22 aprel 2016-cı il tarixli Elmi Şurasının iclasında qəbul edilmişdir.

Yazıçıya, həmçinin AMEA-nın 70 illiyi münasibətilə hazırlanmış medal və “Akademiya simalarda” kitabı təqdim edildi.

Sonra Qazaxıstanın Azərbaycandakı səfiri Beybit İsabayev çıxış etdi. O, bütün dünyanın sevərək oxuduğu O.Süleymenovu türk dünyasının sərvəti kimi dəyərləndirdi. Yazıçının Azərbaycana dərin sevgi bəslədiyini qeyd edərək, gənc alimləri onun elmi və ədəbi fəaliyyətini  öyrənməyə səslədi.

Daha sonra institutun Dünya ədəbiyyatı və komparativistika şöbəsinin baş elmi işçisi, filologiya üzrə elmlər doktoru Aida Feyzullayeva “Oljas Süleymenovun yaradıcılıq portreti” mövzusunda məruzəsini təqdim etdi. Bildirdi ki, yazıçının əsərləri türkologiyanın aktual məsələlərini bütün dünyaya bəyan edən sanballı, əhəmiyyətli tədqiqatların nəticəsində meydana çıxmışdır.

Tədbirdə, həmçinin BDU-nun rektoru, akademik Abel Məhərrəmov, Qazaxıstan Milli Universitetinin rektoru, akademik Qalimqair Mutanov, XX əsr ədəbiyyatı şöbəsinin müdiri, professor Şirindil Alışanlı, filologiya elmləri doktoru Nizami Tağısoy və digərləri çıxış edərək O.Süleymenovun Türk dünyası ədəbiyyatına verdiyi töhfələrdən danışdılar, onun Azərbaycana gəlişini əlamətdar hadisə kimi qiymətləndirdilər.

Sonda çıxış edən O.Süleymenov “İnklüziv cəmiyyətlərdə birgəyaşayış: çağırış və məqsəd” şüarı altında BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu çərçivəsində Bakıda səfərdə olduğunu bildirdi. O, tədbirin təşkilatçılarına və iştirakçılara təşəkkür edərək, Azərbaycanda olmaqdan böyük məmnunluq hissi keçirdiyini dilə gətirdi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.