Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Pliosendə Cənubi Xəzər hövzəsinin seysmostratiqrafik və sekvens-stratiqrafik modelləri müzakirə olunub
22.04.2016 13:08
  • A-
  • A
  • A+

Pliosendə Cənubi Xəzər hövzəsinin seysmostratiqrafik və sekvens-stratiqrafik modelləri müzakirə olunub

Aprelin 22-də AMEA Geologiya və Geofizika İnstitutunda Elmi şuranın növbəti iclası keçirilib.

Tədbiri müəssisənin elmi işlər üzrə direktor müavini, geologiya-mineralogiya elmləri doktoru Dadaş Hüseynov açıb və iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib.

Sonra akademik Pərviz Məmmədovun “Pliosendə Cənubi Xəzər hövzəsində çöküntütoplanma şəraitinin təhlili və məhsuldar qat çöküntülərinin seysmostratiqrafik və sekvens-stratiqrafik modelləri” mövzusunda məruzəsi dinlənilib. Məruzəçi bildirib ki, məhsuldar qatın genezisi, erkən pliosendə çöküntütoplanma şəraiti, lay dəstələrinin arealı, sedimentasiya cismlərinin formasının paleocoğrafi, paleotektonik və evstatik amillərdən asılılığı, məhsuldar qatın daxilində xronostratiqrafik və formasion-fasial vahidlərin ayrılma metodikası, hövzə miqyasında məhsuldar qat və qırmızı rəngli qat daxilindəki lay dəstələrinin və horizontların sinxronlaşdırılması və s. nəzəri və praktiki əhəmiyyətli məsələlər müasir və səmərəli metodiki vasitələrlə yüksək elmi səviyyədə tədqiq edilib.

Bildirilib ki, tədqiqatlar Şevron, Amoko, BP neft şirkətləri, Delft, Kembric, Texas universitetləri, Moskva Dövlət Universiteti ilə elmi layihələr, qrant təminatlı layihələr, AMEA Geologiya və Geofizika İnstitutu ilə əməkdaşlıq çərçivəsində icra olunub. Aparılmış tədqiqatların praktiki əhəmiyyətli nəticələrindən biri məhsuldar qat lay dəstələrinin pazlaşma zonalarında qeyri-antiklinal tipli tələlərinin aşkarlanması və xəritələnməsidir.

Məruzə seminar iştirakçıları tərəfindən maraqla qarşılanıb, suallar cavablandırılıb və Elmi Şuranın qərarı ilə qəbul edilib.

Daha sonra elmi-təşkilati işlərin gedişatı ilə bağlı çıxışlar dinlənilib. “Süxurların deformasiyasının mürəkkəb modellərini nəzərə almaqla neft yataqlarının işlənilməsinin hesablama üsullarının və iqtisadi məsələlərin tədqiqinin inkişafı”, “Cənubi Xəzər çökəkliyi yataqlarının geoloji-geofiziki parametrlərinin və neft-qaz ehtiyatlarının paylanma xüsusiyyətlərinin kompleks analizi” və “Cənubi Xəzər neft-qaz hövzəsində geoloji təhlükənin qiymətləndirilməsi” adlı tədqiqat işlərindən bəhs olunub.

İclas kadr və digər məsələlər haqqında müzakirələrlə yekunlaşıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: