Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

Azərbaycan elmi ictimaiyyətinə ağır itki üz vermişdir
22.04.2016 11:04
  • A-
  • A
  • A+

Azərbaycan elmi ictimaiyyətinə ağır itki üz vermişdir

Tanınmış dilçi alim, Naxçıvan Bölməsiİncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Onomastika şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Adil Bağırov aprelin 21-də ömrünün 69-cu ilində vəfat edib.

Adil Bağırov 1947 -ci ildə Naxçıvan Muxtar Respublikası Şahbuz rayonunun Nursu kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Filologiya fakültəsini bitirmişdir. “Türk dillərində yarımçıq fellər (Oğuz qrupu türk dillərinin materialları əsasında)” mövzusunda namizədlik, “Naxçıvan Muxtar Respublikası onomastik vahidlərinin tarixi-linqvistik təhlili (toponimlər və hidronimlər)” mövzusunda doktorluq dissertasiyalarını müdafiə etmişdir. 2014-cü ildə AMEA-nın müxbir üzvü seçilmişdir.

A.Bağırovun əsas fəaliyyət istiqamətləri Oğuz qrupu türk dillərində yarımçıq fellərin xarakterik xüsusiyyətləri, dildəki yeri və mövqeyinin müəyyənləşdirilməsi, digər türk dil qrupları ilə müqayisəli tədqiqi, Naxçıvan ərazisindəki onomastik vahidlərin əmələgəlmə, yaranma yolları, inkişaf qanunauyğunluqları, dil tərkibi, məna və mövqeyi, struktur-semantik xüsusiyyətlərinin elmi-linqvistik şəkildə tədqiqi ilə bağlı idi. O, müxtəlif ölkələrdə keçirilmiş beynəlxalq konfranslarda uğurla çıxış edərək Azərbaycan dilçiliyini layiqincə təbliğ etmişdir.

A.Bağırov elmi fəaliyyətlə yanaşı, pedaqoji fəaliyyətlə də məşğul olmuşdur. 1966-1973-cü  illərdə Naxçıvan MR Şahbuz rayon Mahmudoba kənd səkkizillik, 38 №-li Culfa şəhər və 39 №-li Naxçıvan şəhər dəmiryol məktəblərində Azərbaycan dili və ədəbiyyat müəllimi, Naxçıvan Müəllimləri Təkmilləşdirmə İnstitutunda kabinet müdiri, Naxçıvan MR Xalq Təhsili Nazirliyində məktəb inspektoru, Naxçıvan Özəl Universitetində “Azərbaycan dilçiliyi” kafedrasının müdiri vəzifələrində çalışmışdır.

140-dan artıq elmi əsərin müəllifidir. Onlardan “Türk dillərində yarımçıq fellər”, “Naxçıvanın hidronimləri”, “Naxçıvan toponimlərinin linqvistik xüsusiyyətləri”, “Naxçıvan Muxtar Respublikasının onomastik vahidlər sözlüyü”, “Naxçıvanın oykonimləri”, “Onomalogiya problemləri”, “Oronimlərin linqvistik xüsusiyyətləri” və s. monoqrafiyalar Azərbaycan dilçilik tarixi üçün dəyərli mənbədir.

Tanınmış dilçi alim və səmimi insan Adil Bağırovun xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.

Allah rəhmət eləsin!

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

 

  • Paylaş: