www.science.az
22.04.2016 09:14

Şərqşünas alim Boris Zaxoderin şəxsi kitabxanasının təqdimatı olub

AMEA Mərkəzi Elmi Kitabxanasında (MEK) görkəmli şərqşünas-iranşünas alim Boris Zaxoderin şəxsi kitabxanasının təqdimatı olub.

Tədbirdə kitabxananın direktoru, tibb üzrə fəlsəfə doktoru Leyla İmanova iki min nüsxədən artıq ədəbiyyatı olan Şərq Ədəbiyyatı Fondunda uzun illərdir şərqşünas alimlərimizin diqqətini cəlb edən nadir əsərlərlə zəngin kolleksiyaların olduğunu söyləyib.

Qeyd edilib ki, 1984-cü ildə çapdan çıxmış “B.Zaxoderin Şəxsi Kitablarının Kataloqu” fondunun böyük tarixi əhəmiyyətli elmi-bədii əsər və nadir nüsxələri oxuculara geniş məzmunda çatdırmaq nöqteyi-nəzərindən xüsusilə əhəmiyyətlidir.

MEK-in Şərq Ədəbiyyatı Fondunun rəhbəri Aidə Hüseynova Yaxın və Orta Şərq tarixi üzrə görkəmli şərqşünas-iranşünas alim Boris Zaxoderin şəxsi kolleksiyası barədə məlumat verib. 75 elmi əsərin müəllifi olan B.Zaxoderin şəxsi kitabxanasında nadir kitabların olduğunu deyən fondun rəhbəri bu kitabların respublikada yeganə nüsxə kimi ancaq MEK-də qorunub saxlanıldığını söyləyib.

Bildirilib ki, B.Zaxoderin kolleksiyasında rus dilində nəşr edilmiş bir çox qiymətli kitablar da var. A.Hüseynova alimin zəngin şəxsi kitabxanasında dünyada məşhur olan türk yazılı abidələrindən “Kutadğu-Biliğ”in də yer aldığını söyləyib.

Təqdimat mərasimində B.Zaxoderin şəxsi kolleksiyasında Şərq ədəbiyyatına, tarixinə, fəlsəfə və hüquqa aid Avropa dillərində kitabların da yer aldığı bildirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.