www.science.az
20.04.2016 14:05

AMEA-da “Molla Nəsrəddin” jurnalının 110 illiyi qeyd edilib

Aprelin 20-də AMEA Nizami adına Ədəbiyyat İnstitutunun Elektron akt zalında “Molla Nəsrəddin” jurnalının 110 illiyinə həsr olunan “Sizi deyib gəlmişəm...” mövzusunda elmi konfrans keçirilib.

Tədbirdə institutun direktoru, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli “Molla Nəsrəddin” jurnalının fəaliyyətindən və şərəfli tarixindən söz açıb. Bildirilib ki, Azərbaycanın ilk satirik jurnalı olan “Molla Nəsrəddin”in birinci nömrəsi 1906-ci il aprelin 7-də Tiflisdə çapdan çıxıb. Görkəmli mütəfəkkir Cəlil Məmmədquluzadənin müəllifliyi və redaktorluğu ilə jurnalın 25 ildə 748 nömrəsi işıq üzü görüb. “Molla Nəsrəddin” jurnalı Azərbaycan xalqının mütərəqqi qüvvələrini, demokratik düşüncəli insanlarını öz ətrafında toplaya bilib.

Qeyd edilib ki, C.Məmmədquluzadənin rəhbərliyi ilə mollanəsrəddinçi şairlər Yaxın və Orta Şərqdə “Molla Nəsrəddin ədəbi məktəbi”ni yaradıb, milli istiqlal ideyaları və realist-satirik ədəbiyyatın inkişafı uğrunda mübarizənin möhkəm ideya-siyasi cəbhəsini formalaşdırıblar.

“Molla Nəsrəddin” jurnalı Azərbaycan xalqının mütərəqqi qüvvələrini, demokratik düşüncəli insanlarını ətrafında toplaya bilib. Dövrünün tanınmış sənətkarlarından Ömər Faiq Nemanzadə, Mirzə Ələkbər Sabir, Əbdürrəhim bəy Haqverdiyev, Əli Nəzmi, Əliqulu Qəmküsar, Məmməd Səid Ordubadi, Mirzəli Möcüz Şəbüstəri, Əzim Əzimzadə, Oskar Şmerlinq və başqaları mollanəsrəddinçi tənqidi-realist ədəbiyyatın inkişafında böyük xidmətlər göstəriblər.

Bu jurnal Azərbaycanda realist, demokratik, satirik realist ədəbiyyatın yaranmasına çox böyük təkan verib.

Konfransda “Molla Nəsrəddin” jurnalının Təbriz dövrü”, “Cəlil Məmmədquluzadə və “Molla Nəsrəddin” jurnalı” və digər mövzularda məruzələr dinlənilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.