Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə tədbir keçirilib
19.04.2016 12:43
  • A-
  • A
  • A+

Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə tədbir keçirilib

Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü çərçivəsində “Multikulturalizm ili”nə həsr olunan “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunda festival keçirilib.

AR Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təşkil olunan festivalda kitablar, müxtəlif sənət nümunələri, tikmələr və geyimlər sərgilənib, mədəniyyət, tarix, dini inanclar, folklor nümunələr, kulinariya, musiqi və müxtəlif sənət nümunələri nümayiş etdirilib.

Festivaldan sonra 18 aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə toplantı olub.

Tədbirdə Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününün ölkəmizdə də geniş qeyd olunduğunu bildirib. Diqqətə çatdırıb ki, bu gün Azərbaycan xalqının dünya mədəniyyətinə təqdim etdiyi zəngin mədəniyyət nümunələrinin bəziləri artıq bəşəriyyətin ümumi mədəni irsinə çevrilib.

Əbülfəs Qarayev qeyd edib ki, Prezident İlham Əliyev tərəfindən 2016-cı ilin ölkəmizdə “Multikulturalizm ili” elan olunması ölkəmizdə azsaylı xalqların mədəniyyətinə, adət-ənənələrinə verilən qiymətin daha bir bariz nümunəsidir. Bildirib ki, bu il Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü əvvəlki illərdən daha geniş və fərqli şəkildə qeyd olunur. Bu tədbirlər sırasında ölkəmizin mədəni müxtəlifliyinin nümayiş olunmasına da böyük diqqət ayrılıb.

Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdulla ölkəmizdə mövcud olan tolerantlıq ənənələrinin dünya ölkələrinə örnək olduğunu vurğulayıb. Bildirib ki, hazırda dünyanın 13 universitetində “Azərbaycan multikulturalizmi” fənni tədris edilir. Bu universitetlərin sayı da get-gedə artmaqdadır. Burada Azərbaycan multikulturalizminin təbliği ilə yanaşı, eyni zamanda, dünyada, xüsusən də Avropa ölkələrində olan multikultural ənənələrin müqayisəli şəkildə öyrənilməsi həyata keçirilir.

Daha sonra Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov və Alban-Udin icmasının sədri Robert Mobili çıxış edərək ölkəmizdə azsaylı xalqların mədəniyyətinə və adət-ənənəsinə olan diqqət və qayğıdan danışıblar.

Sonda Mədəniyyət və Turizm Nazirliyi tərəfindən “Azərbaycanın mədəni irsinin tədqiqinə görə” AMEA-nın müxbir üzvü İlyas Babayev təltif olunub. Həmçinin, Abşeron rayon mədəniyyət və turizm şöbəsinin müdiri İlham Manafov, “Azərbərpa” Elmi-Tədqiqat Layihə İnstitutunun baş memarı Leyla Hüseynova və Xınalıq Dövlət tarix-mədəniyyət və etnoqrafiya qoruğunun əməkdaşı Həsən Ağayevə nazirliyin fəxri fərmanı və pul mükafatları təqdim edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: