www.science.az
15.04.2016 18:02

AMEA-da Azərbaycan Dillər Universitetinin tələbələri ilə görüş keçirilib

Aprelin 15-də AMEA Alimlər evinin təşkilatçılığı ilə Akademiya alimlərinin Azərbaycan Dillər Universitetinin tələbələri ilə görüşü keçirilib.

Tədbirdə Alimlər evinin direktoru, tarix üzrə fəlsəfə doktoru Nuridə QuliyevaRiyaziyyat və Mexanika İnstitutunun direktoru, professor Misir Mərdanov, institutun direktor müavini, AMEA-nın müxbir üzvü Vaqif QuliyevArxeologiya və Etnoqrafiya İnstitutunun Şamaxı-Ağsu arxeoloji ekspedisiyasının rəisi, tarix üzrə fəlsəfə doktoru Akif Quliyev və digər alimlər, eləcə də Azərbaycan Dillər Universitetinin tələbə-müəllim heyəti iştirak ediblər.

Tədbir AMEA-nın elmi nailiyyətlər sərgisini ziyarətlə başlayıb. Daha sonra alimlərin müxtəlif mövzular üzrə elmi məruzələri dinlənilib.

Professor Misir Mərdanov Azərbaycanda xarici dillərin tədrisi tarixindən, Xarici Dillər Universitetinin yaranması və inkişafından danışıb. Məktəblərdə xarici dilin tədrisindən, xarici dil kursları və dərnəklərin təşkilindən bəhs edən alim hazırda müəssisədə bu istiqamətdə yüksəkixtisaslı kadrların yetişdirildiyini diqqətə çatdırıb.

Sonra tarix üzrə fəlsəfə doktoru Akif Quliyev "Azərbaycanda yeni arxeoloji tədqiqatlar" adlı məruzə ilə çıxış edib. Alim son illərdə qədim tariximizin, maddi mədəniyyət abidələrimizin öyrənilməsinə göstərilən dövlət qayğısı sayəsində Arxeologiya və Etnoqrafiya İnstitutunun geniş çöl tədqiqat işləri həyata keçirdiyini bildirib. Qeyd edib ki, arxeoloji tədqiqat işlərinin canlanması nəticəsində əvvəllər elmə məlum olmayan bir sıra abidələr aşkar edilərək dəyərli etnoqrafik məlumatlar toplanılıb: "Mil-Qarabağ bölgəsində arxeoloji tədqiqat işlərinin genişləndirilməsi institutumuzun elmi fəaliyyətinin əsas istiqamətlərindən birini təşkil etmişdir. Bu bölgədə yalnız 2015-ci ildə həm beynəlxalq tərkibli (Azərbaycan-Almaniya), həm də institutun müstəqil ekspedisiyası tərəfindən əvvəllər elmə məlum olmayan neolit, eneolit və tunc dövrlərinə aid yaşayış məskənləri və qəbir abidələri aşkar edilmiş, təsərrüfat işləri nəticəsində abidələrin dağılma təhlükəsinin qarşısı alın­mışdır. Bununla yanaşı, Naxçıvan, Şamaxı-Qobustan, Gəncə-Qazax, Şəki-Zaqatala, Quba-Xaçmaz, Lənkəran-Astara bölgələrində də irimiqyaslı qazıntı işləri aparılmış, yeni arxeoloji abidələr aşkara çıxarılmışdır".

A.Quliyev aparılan tədqiqat işlərində yerli arxeoloqlarla yanaşı, Avropanın müxtəlif ölkələrindən dəvət olunmuş mütəxəssislərin də iştirak etdiyini bildirib.

Müzakirə olunan mövzular ətrafında tələbələrə ətraflı məlumatlar verilib.

Sonda tədbir iştirakçıları xatirə şəkli çəkdiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir