Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Genetik Ehtiyatlar İnstitutunda beynəlxalq vebinarlar keçirilir
12.04.2016 15:15
  • A-
  • A
  • A+

Genetik Ehtiyatlar İnstitutunda beynəlxalq vebinarlar keçirilir

AMEA Genetik Ehtiyatlar İnstitutunda (GEİ) bu ilin yanvar ayından etibarən Azərbaycanda ilk dəfə olaraq beynəlxalq vebinarlar (onlayn-seminar) təşkil olunur.

Seminarlar AMEA Molekulyar Biologiya və Biotexnologiya İnstitutunun (MBBİ) Bioinformatika laboratoriyasının müdiri və Azərbaycan Tibb Universitetinin (ATU) professoru, hazırda Səudiyyə Ərəbistanının Kral Abdulla adına Elm və Texnologiya Universitetində elmi tədqiqatlar aparan, AMEA-nın müxbir üzvü İlham Şahmuradovun təşəbbüsü və GEİ-nin dəstəyi ilə keçirilir.

Tədbirlərdə GEİ, MBBİ-nin Bioinformatika laboratoriyası, ATU-nun Tibbi biologiya və genetika kafedrası və Milli Onkologiya Mərkəzinin əməkdaşları iştirak edirlər. Qeyd edək ki, seminar iştirakçıları arasında gənc tədqiqatçılar əksəriyyət təşkil edir və yaxın vaxtlarda tədbirlərə ABŞ, Almaniya, Avstraliya, Türkiyə, Pakistan, Səudiyyə Ərəbistanı və digər ölkələrdən olan tədqiqatçılar da qatılacaq.

Vebinarların təşkilində məqsəd biologiya, tibb və aqrar elmlərin son nailiyyətləri üzrə məlumatların mübadiləsi və müzakirəsi, onların əsasında yeni elmi ideya və layihələrin formalaşdırılmasıdır. Bundan əlavə, AMEA, müxtəlif universitet və digər elmi-tədqiqat mərkəzlərinin alimləri arasında elmi əlaqələri genişləndirmək, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu, AMEA və digər qurumlar vasitəsi ilə əldə olunmuş elmi avadanlıqlardan daha səmərəli və geniş miqyasda istifadə olunmasına nail olmaq, Azərbaycan alimləri, xüsusən gənclər ilə digər ölkələrdən olan aparıcı tədqiqatçılar arasında əməkdaşlıq imkanları yaratmaq, gənc tədqiqatçıların elmi seminarlarda məruzə etmək təcrübəsini artırmaq, onlarda elmi müzakirə mədəniyyətini formalaşdırmaq, gənc alim və mütəxəssislərin, magistr və doktorantların elmin ən müasir istiqamətləri üzrə daha dərin biliklərə yiyələnməsi, tədqiqatçı vərdişlərinin inkişafına yeni imkanlar yaratmaqdır.

İlk 5 vebinarda İ.Şahmuradovun “Bioinformatikaya giriş”, “Ardıcıllıqların düzlənməsi: məqsəd və vasitələr”, "Nukleotid və zülal ardıcıllıqlarının müqayisəsi və alınmış nəticələrin interpretasiyası", “Genomların annotasiyası problemi və onun həlli üçün təcrübi və bioinformatik resurslar” və “İnsana genetik baxış: genomumuz və onun təkrar-təkrar annotasiyası, genomüstü” irsiyyət” mövzularında məruzələri dinlənilərək, ətraflı müzakirələr aparılıb.

Bundan başqa, Türkiyənin “İrəli Genom və Bioinformatik Araşdırma Qrupu”nun əməkdaşı Dr. Hüseyin Demirci tərəfindən mərkəzin əsas tədqiqat istiqamətləri və uğurları, həmçinin ekzom sekvenslənməsi ilə bağlı məruzəsi dinlənilib, GEİ-nin mərkəzlə gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.

GEİ-nin Biotexnologiya şöbəsinin böyük elmi işçisi,  biologiya üzrə fəlsəfə doktoru Səidə Şərifova “Transkriptomiks, tədqiqat üsulları və tətbiq sahələri”  mövzusunda məruzə edib. Məruzəçi transkriptomiks və onun tədqiqat üsulları, insan və bitki genomlarının tədqiqində istifadə imkanları haqqında ətraflı məlumat verib və iştirakçıların çoxsaylı suallarını cavablandırıb, mövzu üzrə geniş müzakirələr aparılıb.

ATU-nun baş müəllimi, GEİ-nin doktorantı, biologiya üzrə fəlsəfə doktoru Leyla Süleymanova “Kodlaşdırmayan RNT-lər dünyası” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə kiçik və uzun kodlaşdırmayan RNT-lər, onların funksiyası və identifikasiyası üsulları haqqında geniş məlumat verilib, mövzu və verilən suallar ətrafında müzakirələr aparılıb.

Qeyd edək ki, vebinarlar bundan sonra da davam etdiriləcək. İstənilən tədqiqatçı və tələbə bu vebinarlarda iştirak edə bilər. Yaxın zamanlarda digər ölkələrdə çalışan alimlərin də qatılacağı belə elmi müzakirələr bilik və təcrübə mübadiləsinin aparılması baxımından mühüm əhəmiyyət kəsb edir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

 

 

  • Paylaş: