Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Azərbaycan elm və təhsilini Avropaya bağlayan virtual körpü: AzScienceNet şəbəkəsi
06.04.2016 16:36
  • A-
  • A
  • A+

Azərbaycan elm və təhsilini Avropaya bağlayan virtual körpü: AzScienceNet şəbəkəsi

AMEA İnformasiya Texnologiyaları İnstitutu Avropa Komissiyası tərəfindən maliyyələşdirilən və Şərq Tərəfdaşlığı ölkələrini əhatə edən elm və təhsil üçün kompüter şəbəkəsinin yaradılması və istismarını nəzərdə tutan layihədə (EaPConnect: Eastern Partnership Connect) iştirak edir. Bu layihə çərçivəsində ölkənin milli elm və təhsil şəbəkəsi AzScienceNet bütün Avropanı əhatə edən elm və təhsil şəbəkəsinə (GEANT şəbəkəsi) inteqrasiya olunacaq.

Layihənin sonuncu iclasları 13-18 mart 2016-cı il tarixlərində Niderland Krallığının Utrext şəhərində keçirilmişdir. AMEA-nın akademik katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev layihənin ümumi yığıncağında iştirak etmişdir.

Layihənin ümumi yığıncağında Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişlənmə Danışıqları üzrə Baş Direktorluğunun (DG NEAR: Directorate-General for Neighbourhood and Enlargement Negotiations) nümayəndəsi Ivan Navas Fernandez iştirak etmişdir. Cənab Fernandez Avropa Komissiyasının layihəyə dəstəyini davam etdirəcəyini bildirmişdir.

İclasda azərbaycanlı alimlərin avropalı alimlərlə birgə apardığı tədqiqatlara xüsusi əhəmiyyət verilmiş, bu kimi tədqiqatlara layihə çərçivəsində texniki dəstək göstərilməsi üçün Avropa ölkələrində keçirilən “Tədqiqatını İşıqlandır” (Enlighten Your Research) müsabiqəsinin təşkil edilməsi təklif olunmuşdur.

Akademik Rasim Əliquliyev bildirmişdir ki, elm və təhsil qurumları AzScienceNet üzərindən GEANT şəbəkəsinə yüksəksürətli (1 Giqabit/san) çıxış əldə edəcəklər. Daha sonra şəbəkə üzərində ardıcıl olaraq yeni kompleks xidmətlər yaradılacaq. Bu xidmətlər çərçivəsində şəbəkə istifadəçilərinə vahid identifikasiya sistemi, çox böyük həcmdə məlumatların təhlükəsiz, etibarlı ötürülməsi, Avropanın bir sıra elmi məlumat bazalarına çıxış, yüksək keyfiyyətli videokonfrans sistemlərindən istifadə,  distant tibb xidmətlərinin tətbiqi, distant təhsil imkanlarının genişlənməsi, qrid və bulud (Cloud Computing) sistemlərinə effektiv çıxış kimi imkanlar təqdim olunacaq.

Layihə çərçivəsində yaradılan texnoloji imkanlar və yeni xidmətlərdən AMEA-nın qurumları ilə yanaşı, ali məktəblər, kitabxanalar və digər elmi təşkilatların istifadəsi, həmçinin böyük verilənlərin saxlanılması, ötürülməsi və emalı ilə məşğul olan digər təşkilatlarla əməkdaşlıq əlaqələrinin qurulması və AzScienceNet üzərindən bu təşkilatların avropalı həmkarları ilə birgə elm və təhsillə bağlı fəaliyyətinə dəstək göstərilməsi təklif olunur.

Layihənin xüsusilə ali məktəblər üçün maraqlı olan əsas istiqamətlərindən biri də ölkə daxilində və xaricdə minlərlə universitetin ərazisində olarkən internetə sərbəst çıxış imkanı verən Eduroam xidmətini genişləndirməkdir. Şərq Tərəfdaşlığı ölkələrində Eduroam xidmətinin yaradılması və inkişaf etdirilməsi işinin koordinasiyası AMEA İnformasiya Texnologiyalarına həvalə edilmişdir. Bununla bağlı olaraq, səfər çərçivəsində Eduroam xidmətinin yaradıcı heyəti ilə görüş keçirilmiş və Niderland təcrübəsi öyrənilmişdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: