www.science.az
04.04.2016 13:24

Azərbaycanda Elmi İrsin Toplanması və Sistemləşdirilməsi Mərkəzinin direktoru Moskvada beynəlxalq konfransda iştirak edəcək

6-8 aprel 2016-cı il tarixlərdə Moskvada Rusiya Dövlət Sosial-Siyasi Tarix Arxivi tərəfindən "KLİO-2016" gənc alim və mütəxəssislərin VI Beynəlxalq konfransı keçiriləcək.

“KLİO: Tarixi sənədlər və arxeoqrafiya, arxivşünaslıq və məxəzşünaslıq. Rusiya və ümumi tarixin yeni və ən yeni dövrünün aktual problemləri” mövzusunda keçiriləcək konfransda humanitar profilli gənc alimlər tərəfindən müxtəlif mövzularda aktual elmi problemlərin müzakirəsi nəzərdə tutulub.

2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan edildiyini, humanitar sahədə Rusiya Federasiyası və Azərbaycan Respublikasının əməkdaşlığını nəzərə alaraq "KLİO" konfransının Təşkilat Komitəsi Azərbaycanda Elmi İrsin Toplanması və Sistemləşdirilməsi Mərkəzinin direktoru, tarix üzrə elmlər doktoru Zemfira Hacıyevanı beynəlxalq konfransa dəvət edib. Tədbirdə Z.Hacıyeva “Azərbaycanın  vətəndaş müharibəsi illərində (1936-1939-cu illər) İspaniyadan olan qaçqın uşaqlara dəstəyi - tolerantlıq, humanizm və multikulturalizmin unikal modeli kimi” mövzusunda məruzə ilə çıxış edəcək.

Məruzə SSRİ hökumətinin vətəndaş müharibəsi illərində (1936-1939-cu illər) İspaniyaya köməyi və İspaniyadan olan qaçqın-uşaqların "Feliks Dzerjinski" paroxodunda Azərbaycana köçürülməsi haqqında unikal tarixi kino xronikasını əks etdirəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.