www.science.az
04.04.2016 11:44

“Ceyhun Hacıbəyli və Azərbaycan folkloru” mövzusunda elmi sessiya keçirilib

Aprelin 1-də AMEA Folklor İnstitutunda ədəbiyyatımızın tanınmış nümayəndəsi, yazıçı-publisist, tərcüməçi, naşir və ictimai xadim Ceyhun Hacıbəyliyə həsr olunmuş “Ceyhun Hacıbəyli və Azərbaycan folkloru” mövzusunda elmi sessiya keçirilib.

Tədbiri giriş sözü ilə institutun direktoru, AMEA-nın müxbir üzvü Muxtar Kazımoğlu-İmanov açaraq görkəmli alimin həyat və fəaliyyəti barədə məlumat verib. Ölkə başçısının “Ceyhun Hacıbəylinin 125 illik yubileyinin keçirilməsi haqqında” 19 noyabr 2015-ci il tarixli Sərəncamını xatırladan M.Kazımoğlu respublikamızın ayrı-ayrı qurumlarında Ceyhun Hacıbəyliyə həsr olunmuş çoxsaylı tədbirlərin keçirildiyini bildirib.

Qeyd edilib ki, milli ədəbi-ictimai fikir tarixinə töhfələr verən Ceyhun Hacıbəyli Azərbaycan xalqının zəngin mədəni nailiyyətlərinin dünyaya tanıdılması istiqamətində səmərəli fəaliyyət göstərmişdir. O, məşhur hacibəyovlar nəslinin görkəmli nümayəndəsidir.

Ceyhun Hacıbəylinin tərcüməçilik fəaliyyətinə də toxunan institut direktoru ədibin “Arşın mal alan” kimi nadir sənət incimizi fransız dilinə tərcümə etdiyini, eləcə də H.Cavidin, C.Cabbarlının Avropa oxucusuna tanıdılması istiqamətində böyük işlər gördüyünü bildirib.

Tədbirdə fil.ü.e.d. Abid Tahirlinin “Ceyhun Hacıbəyli irsində folklor motivləri”, fil.ü.e.d. Almaz Həsənqızının “Avropada Azərbaycan folklorunun tədqiqi və təbliği məsələsi (Ceyhun Hacıbəylinin yaradıcılığı kontekstində)”,  fil.ü.f.d., dos. Ağaverdi Xəlilin “Ceyhun Hacıbəylinin yaradıcılığında folklor və tarix məsələləri”,  fil.ü.f.d. Sönməz Abbaslının “Ceyhun Hacıbəyli və Qarabağ folkloru” mövzusunda məruzələri dinlənilib.

Məruzələrdə Azərbaycan ədəbiyyatının tanınmış nümayəndəsi Ceyhun Hacıbəylinin şəxsiyyəti, fəaliyyəti, publisistikası barədə ətraflı məlumat verilib. Bildirilib ki, dövrünün təəssübkeş, vətənpərvər ziyalılarından olan C.Hacıbəyli həm də müxtəlif mövzularda məqalələrin müəllifidir.

Elmi Sessiyada çıxış edən Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimliİctimai Elmlər Bölməsinin akademik-katibi v.i.e., AMEA-nın müxbir üzvü Nərgiz Axundova və başqaları görkəmli ədibin irsinin toplanılmasının, sistemli, ardıcıl şəkildə araşdırılmasının və nəşr edilməsinin vacibliyini vurğulayıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.