www.science.az
01.04.2016 17:23

AMEA Gənc Alim və Mütəxəssislər Şurası tərəfindən Qubada elmi-praktiki konfrans keçirilib

AMEA Gənc Alim və Mütəxəssislər Şurası Qubada 31 Mart − Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş elmi-praktiki konfrans keçirib.

Şura üzvləri ilk olaraq "Quba Soyqırımı Memorial Kompleksi"ni və Heydər Əliyevin Quba şəhərində yerləşən abidəsini ziyarət ediblər.

Sonra Heydər Əliyev Mərkəzində soyqırım qurbanlarının xatirəsinə həsr olunmuş elmi-praktik konfrans öz işinə başlayıb.

Tədbiri giriş sözü ilə açan Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fizika üzrə fəlsəfə doktoru, dosent Famin Salmanov bildirib ki, XX əsrin ən faciəli soyqırımlarından biri kimi tarixə düşən "31 mart - Azərbaycanlıların Soyqırımı Günü" miqyasına görə bu faciələr içərisində ən amansızıdır. Şura sədri "Quba Soyqırımı Memorial Kompleksi"nin soydaşlarımızın başına gətirilən müsibətin əyani təzahürü olduğunu deyib: "Məzarlıqda müşahidə olunan vəhşiliklər bir əsrlik sirri özündə gizlədən tarixi həqiqətimizdir. Quba, eləcə də digər ərazilərdə törədilən soyqırım ermənilərin xalqımıza qarşı bəslədikləri tarixi nifrətdən xəbər verir. Həmçinin bu onu göstərir ki, ermənilərin iddiası təkcə Qarabağ torpaqlarımızın işğalı ilə bağlı deyil, bu eləcə də mənfur bir xislətin silsilə davamıdır”.

Famin Salmanov nitqində Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Quba şəhərində "Soyqırım Memorial Kompleksi"nin yaradılması haqqında imzaladığı 30 dekabr 2009-cu il tarixli Sərəncamın bu tarixi hadisənin geniş ictimailəşdirilməsində bir dönüş nöqtəsi olduğunu vurğulayıb. Qeyd edib ki, bu tarixi Sərəncam, eyni zamanda qanlı cinayətlərin dünya ictimaiyyətinə çatdırması, gələcək nəsillərin milli yaddaşının formalaşdırılması və qorunması kimi vacib məqsədləri ehtiva edir: "Biz gənclər bu məqsədə çatmaq üçün öz bacarıq və potensialımızı birgə səfərbər etməli, hər cür imkanlardan yararlanmaqla təbliğatın yeni mexanizmləri haqqında düşünməliyik. Bu, bizim indiki Azərbaycan uğrunda o vaxtlar şəhid olmuş qəhrəmanlarımız qarşısında mənəvi borcumuzdur".

Daha sonra çıxış edən Quba rayon Gənclər Mərkəzinin rəhbəri Rəşxəndə Bayramova GAMŞ-ın Qubada keçirdiyi anım tədbirini təqdirəlayiq hal olduğunu bildirib: "Bu hadisə ilə bağlı tarixi faktların mütəxəssislər tərəfindən araşdırılması, nəticələrinin yerli gənclərlə birlikdə müzakirə edilməsi yetişməkdə olan nəslin milli-mənəvi təffəkürünün formalaşdırılması və milli ruhda tərbiyələndirilməsi baxımından məqsədəuyğun addımdır".

Konfransın davamında Dilçilik İnstitutunun Gənc Alim və Mütəxəssilər Şurasının sədri, filologiya üzrə fəlsəfə doktoru Cahid İsmayıloğlu, Tarix İnstitutunun elmi işçisi Rəisə Cəfərova, İnsan Hüquqları İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Aqil Əhmədov, Arxeologiya və Etnoqrafiya İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Bəxtiyar Cəlilov,Ədəbiyyat İnstitutunun elmi işçisi Mehman Həsən və digər gənc alimlər soyqırımla bağlı tarixi, siyasi və digər aspektli elmi mövzularla çıxış ediblər. Mövzular ətrafında geniş müzakirələr aparılıb. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.