www.science.az
31.03.2016 15:54

“Biogeosenozların radioekoloji aspektləri” adlı monoqrafiya çapdan çıxıb

“Elm” nəşriyyatında akademik Cəlal Əliyev, Aqrar Elmlər Bölməsinin akademik-katibi, akademik Qərib Məmmədov və AMEA-nın müxbir üzvü Mahmud Abdullayevin həmmüəllifi olduqları “Biogeosenozların radioekoloji aspektləri“ monoqrafiyası çapdan çıxıb.

Nəşrin elmi redaktoru akademik Adil Qəribov, rəyçiləri Rusiya Kənd Təsərrüfatı Elmlər Akademiyasının akademiki P.Aleksaxin, Tatarıstan Elmlər Akademiyasının müxbir üzvü P.İlyazov və professor O.Səmədovdur.

Kitaba Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktoru, akademik İradə Hüseynova giriş sözü yazıb.

Nəşrdə akademik Cəlal Əliyevin rəhbərliyi və birbaşa iştirakı ilə təbii şəraitdə təbii və süni radionuklidlərlə aparılan çoxillik tədqiqatların və müşahidələrin nəticələri işıqlandırılıb. Monoqrafiyada əsas torpaq tiplərində Stronsium -90, Sezium -137, Uran-238  və Torium -232 radionuklidlərinin müxtəlif formalarının nisbətlərinə dair məlumatlar verilib, bir çox kənd təsərrüfatı bitkilərində Stronsium -90 və Sezium -137 radionuklidlərinin toplanmasının mümkünlüyü proqnozlaşdırılıb. Bitkiçilik məhsullarında təbii və süni radionuklidlərin toplanmasını azaltmaq istiqamətində aqrokimyəvi tədbirlər nəzərdən keçirilib. Göstərilib ki, mineral gübrələrin şum altına artan normada verilməsi məhsuldarlığı əhəmiyyətli dərəcədə artırmaqla yanaşı, bir çox kənd təsərrüfatı bitkilərində (payızlıq buğda və arpa, soya və noxud) süni və təbii radionuklidlərin miqdarının xeyli dərəcədə azalmasına səbəb olur.

Qeyd edək ki, kitab  bu sahədə işıq üzü görən dördüncü nəşrdir. Keçən əsrin 70-ci illərində akademik Cəlal Əliyevin rəhbərliyi altında Azərbaycanda torpaq-bitki örtüyündə uzunömürlü 90 Sr və 137 Cs nuklidlərinin paylanma qanunauyğunluqlarının öyrənilməsinə başlanılıb, bitkilərin mümkün çirklənmə proqnozları müəyyən olunmuş və praktiki təkliflər işlənilib hazırlanıb. Alınan nəticələr əsasında Moskvada “Nauka” və “Rosselxozakademiya” nəşriyyatlarında,  Azərbaycanda “Elm” nəşriyyatında fundamental monoqrafiyalar çap olunub.

Kitabdan radiobiololar, radioekoloqlar, torpaqşünaslar, universitetlərin aqrar və biologiya fakültələrinin tələbələri, radioloji xidmətin əməkdaşları istifadə edə bilərlər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.