www.science.az
30.03.2016 10:23

Dünya şöhrətli Azərbaycan alimi

Azərbaycan tibb elminin bir sıra sahələri keçən əsrin ikinci yarısından etibarən sürətli, məqsədyönlü və keyfiyyətli inkişaf yolu keçmiş, gələcək perspektivlər üçün möhkəm bünövrələr yaranmışdır. Ölkəmizdə XX əsrin ikinci yarısında tam təşəkkül tapmış və ahəngdar inkişaf yoluna qədəm qoyaraq dünya standartları səviyyəsinə çatdırılmış belə elm sahələrindən biri də onkologiya elmidir. Azərbaycanda onkologiya elminin müvafiq şöbələrinin inkişafında, irəliləyişində danılmaz xidmətləri, silinməz izləri olan, dünya miqyasında tanınan görkəmli alimlərdən biri də Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzinin baş direktoru, Azərbaycan Milli Elmlər Akademiyasının akademiki, Rusiya Tibb Elmləri Akademiyasının, Avropa Təbiət Elmləri Akademiyasının, Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının, Rusiya Təbiət Elmləri Akademiyasının həqiqi üzvü, dünyanın ən nüfuzlu onkoloji elmi assosiasiyaları və elmi cəmiyyətlərinin üzvü, əməkdar elm xadimi, tibb elmləri doktoru, professor Cəmil Əziz oğlu Əliyevdir.

İşgüzarlıq, yaradıcılıq məhsuldarlığı, həm də zahiri görkəm baxımından inandırıcı görünməsə də, bioqrafik göstəriciləri cəhətdən bu ilin mart ayının 30-da akademik C.Əliyevin anadan olmasının 70-ci ildönümüdür və bu yubiley Azərbaycan Milli Elmlər Akademiyası xətti ilə, həmçinin ölkəmizin səhiyyə sistemində, bütövlükdə tibb aləmində geniş qeyd edilir. 

Cəmil müəllim N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunu bitirdikdən sonra bir müddət Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Onkologiya kafedrasında baş laborant vəzifəsində çalışıb. O vaxtlar kafedraya Azərbaycanın görkəmli onkoloqu, professor Arif Abbasov rəhbərlik edirdi. C.Əliyev elmi-pedaqoji və həkimlik fəaliyyətinə başladığı ilk günlərdən onkologiya elminə hədsiz həvəs göstərmiş və professor A.Abbasovun rəhbərliyi altında elmi-tədqiqat işləri aparmağa başlamışdır. Onun işgüzarlığı, əməksevərliyi istedadının parlamasına zəmin yaradıb və o, az vaxt içərisində 1973-cü ildə “Alt dodağın dərisinin və ağız boşluğunun selikli qişasının xərçənginin diaqnostika və müalicəsi” mövzusu üzrə namizədlik dissertasiyası müdafiə edərək tibb elmləri namizədi elmi dərəcəsinə layiq görülüb. Bundan sonra gənc alim elmi axtarışlarını davam etdirmək məqsədilə Moskvadakı SSRİ Tibb Elmləri Akademiyasının Ümumittifaq Onkoloji Elmi Mərkəzinə (ÜOEM) doktoranturaya getmək qərarına gəlib.

Həmin vaxtlar mən də ÜOEM-də işləyirdim və onun həm ATİ-ni bitirdikdən sonra Bakıda çalışdığı dövr, həm Moskvadakı, həm də Azərbaycana qayıtdıqdan sonra yenidən paytaxtda göstərdiyi geniş diapazonlu fəaliyyəti, demək olar ki, gözlərim qarşısında baş veribdir. Çünki Cəmil müəllimlə dostluğumuzun təməli onun Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Onkologiya kafedrasında ilk dəfə elmi-pedaqoji fəaliyyətə başladığı vaxtlarda qoyulub. O vaxtlar Bakı şəhər onkoloji xəstəxanasının cərrahlıq şöbəsinin müdiri vəzifəsində çalışırdım və mənim də onkologiya üzrə ilk ustadım professor Arif Abbasov olmuşdur. Professor A.Abbasovun qəfil dünyasını dəyişməsi hamımızı sarsıtdı. Bundan sonra - 1974-1978-ci illərdə biz artıq Moskvada - ÜOEM-də bir yerdə çalışırdıq.

C.Əliyev elmi-tədqiqat işlərini akademik N.N.Bloxinin və akademik N.N.Trapeznikovun məsləhətçiliyi ilə aparırdı. Hər ikimiz ailəliydik və ÜOEM-in yataqxanasında yaşayırdıq. Yataqxana elə bir yerdə idi ki, ora avtobus işləmirdi və biz yataqxanaya qədər olan narahat yolu hər gün piyada gedib-gəlir, buna da bir saata qədər əlavə vaxt sərf etməli olurduq. Xüsusilə də payız və qış aylarında böyük çətinliklərlə üzləşirdik. Hər birimizin ailəsində iki körpə uşağın olması da əlavə qayğılar yaradırdı. Lakin bu çətinliklərə baxmayaraq Cəmil müəllimə xas olan nikbinlik, incə yumor bizə hər şeyi unutdururdu. Güzəranımızın ağırlığına baxmayaraq Cəmil müəllimin dilindən bir dəfə də olsun giley-güzar eşitməmişdim.

Qarşıya çıxan maneələrdən qorxmaq, çəkinmək onun xasiyyətinə yad idi və əksinə, ətrafındakıları da həmişə gərgin əməyə, işə həvəsləndirirdi. Bu cür keyfiyyətlər, xüsusilə də gənc yaşlarda, insana böyük dayaq, kömək olur. Hələ gənc yaşlarında ondakı dözümə, möhkəm iradəyə, təvazökarlığa, sadəliyə, səmimiyyətə heyran qalmamaq olmurdu. Haradan idi onda bu qədər zəngin insani keyfiyyətlər? Bu növ suallara cavab tapmaq onu yaxından tanıyanlar üçün o qədər də çətin deyildi. Bəli, atalar yaxşı deyib ki, “ot kökü üstə bitər”. Axı, Cəmil müəllim Azərbaycanın müdrik ağsaqqallarından olan görkəmli ictimai və dövlət xadimi, əməkdar həkim, ölkəmizin ən dəyərli və nüfuzlu şəxsiyyətlərindən biri kimi şöhrət qazanmış professor Əziz Əliyevlə, incə qəlbli və zərif təbiətli Leyli xanımın ailəsində tərbiyə alıb böyümüşdür. Cəmil müəllimin qardaşı - görkəmli terapevt professor Tamerlan Əliyev də, bacıları - dünya şöhrətli alim-oftalmoloq akademik Zərifə xanım Əliyeva, Azərbaycanın ilk diplomlu rabitəçi mütəxəssislərindən olan və əməkdar rabitəçi Dilbər xanım Əliyeva, görkəmli oftalmoloq dosent Ləzifə xanım Əliyeva, əməkdar incəsənət xadimi, musiqişünas Gülarə xanım Əliyeva da milli mentalitetini qoruyub saxlayan bu nümunəvi ailənin tərbiyəsi fonunda özlərinin fitri istedadları hesabına professionallıq zirvəsinə yüksələrək Azərbaycanın nurlu, şəfqətli ziyalıları kimi yaddaşlara əbədi həkk olunublar. Belə bir ideal ailə mühitində böyüyüb ərsəyə çatmış, onun layiqli davamçılarından birinə çevrilmiş Cəmil Əliyev zirvəsinin büllur çeşmə saflığı da təbii ki, bu ailənin mənəvi paklıq ümmanında yetkinləşən bir saflıqdır.

Cəmil müəllim Moskvada doktorluq dissertasiyası işi üzrə elmi-tədqiqatlar apararkən öz fəaliyyətini təkcə elmi işlərlə məhdudlaşdırmır, praktiki cərrahlıq işləri ilə də ciddi məşğul olur, bu sahəni də gündən-günə təkmilləşdirir, praktiki vərdişlərə yiyələnirdi. Biz praktiki cərrahi əməliyyatların əksəriyyətini ÜOEM-in kliniki bazası olan Podolsk Mərkəzi Xəstəxanasında aparırdıq. Bu xəstəxanada təkcə onkoloji deyil, cərrahiyyənin bütün sahələri üzrə əməliyyatlar aparılırdı. Cəmil müəllimlə mən “beş dəqiqəlik” adlanan xəstələrin səhər müzakirələrini buraxmamağa çalışırdıq. Xəstəxanaya qədər olan yolumuz uzaq olduğundan hər gün səhər saat altının yarısında, altıda evdən çıxırdıq ki, “beş dəqiqəliklərə” gecikməyək. Məncə, o dövrdə Podolsk Mərkəzi Xəstəxanasında qazanılan təcrübə akademik Cəmil Əliyevin virtuoz cərrah kimi yetişməsində böyük rol oynamışdır. Ona görə də biz bu xəstəxananı, onun əməkdaşlarını həmişə böyük minnətdarlıq hissləri ilə xatırlayırıq. 

Cəmil müəllim bu qədər gərgin, yorucu işlərlə yanaşı, keçmiş SSRİ-nin digər müttəfiq respublikalarına gedib oradan elmi-tədqiqat işi üçün materiallar toplamağa da vaxt tapırdı. Onun doktorluq dissertasiyası onkologiyanın çox çətin sahələrindən olan onkoloji xəstələrin müalicəsində dəri plastikasının tədbiqi məsələlərinə həsr olunmuşdu.

Cəmil müəllim həmin dövrdə dəfələrlə dəri xərçənginin daha çox rast gəlinən bölgələrdən olan Tacikistan Respublikasında elmi ezamiyyətlərdə olmuş və oradan elmi-tədqiqat işi üçün çox qiymətli materiallar gətirmişdi. Cəmil müəllimin yerinə başqası olsaydı, bəlkə də material toplamaq üçün Tacikistan kimi ucqar bir ölkəyə getməzdi və bunu başqa birinə etdirərdi. Ancaq o, heç kəsin köməyindən istifadə etmək istəmirdi, çətinliyə qatlaşaraq hər şeyi öz əlləri ilə edirdi. Və gördüyü işlərdən zövq alırdı. Cəmil müəllim deyirdi ki, çətinliklə əldə etdiyi lazımlı nəticələr, elmi yeniliklər, praktiki vərdişlər ona yorğunluğunu unutdurur. Moskva həyatı bizi çox möhkəm tellərlə bir-birimizə bağlamışdı və təməli Bakıda qoyulmuş səmimi dostluğumuz Vətəndən kənarda daha da möhkəmlənmişdi. Moskvada bizdən başqa da diplomdan sonrakı hazırlığını, elmi-tədqiqat işlərini davam etdirən azərbaycanlılar var idi. Mübaliğəsiz deyə bilərəm ki, bizim aramızda - o vaxtlar Moskvada elmi-tədqiqat işləri aparan azərbaycanlı gənclər arasında - monolit birlik hökm sürürdü. Birimizin uğuru hamımıza sevindirici anlar yaşadırdı, birimizin kədəri hamımız üçün eyni dərəcədə ağrılı olurdu. Biz Azərbaycanı təmsil edirdik və həmişə Azərbaycanın adını uca tutmağa çalışırdıq. Bu baxımdan da Cəmil müəllim həmsöhbətləri, həmvətənləri ilə asanlıqla xoş ünsiyyət yarada bilirdi. O, mehriban, istiqanlı, təvazökar, vətənpərvər gənc kimi Vətəndən uzaqlarda da hamının hörmətini, rəğbətini qazanmışdır. Cəmil müəllimin səmimiliyi təbii, məsum və inandırıcı olduğuna görə ona olan rəğbət hissləri də təbii və inandırıcıdır. Biz - azərbaycanlı gənclər Cəmil müəllimin elmi məruzələrinin, doktorluq dissertasiyası işinin fraqmentlərinin müzakirələrində iştirak edir, hər dəfə də ondan böyük məmnunluq duyurduq. Hər uğurundan sonra onu ilk dəfə təbrik edən, sevincinə şərik olan da biz olurduq. Çünki daim onun yanında idik. Belə elmi müzakirələrdə çıxış edən akademiklər və ÜOEM-in digər alimləri doktorant Cəmil Əliyevin tədqiqatlarının nəticələrini yüksək qiymətləndirir, bu nəticələri ümumilikdə müasir onkologiya elminin inkişafında mühüm addım kimi dəyərləndirirdilər. 

Cəmil müəllimin gərgin işləri nəhayət ki, öz bəhrəsini verdi və o, 1978-ci ildə SSRİ TEA-nın Ümumittifaq Onkoloji Elmi Mərkəzində böyük müvəffəqiyyətlə “Dəri xərçəngi və melanomasında plastik cərrahiyyə əməliyyatları” mövzusu üzrə doktorluq dissertasiyası müdafiə edərək tibb elmləri doktoru elmi dərəcəsinə layiq görüldü. Bundan sonra həm ÜOEM-in o zamankı direktoru akademik N.N.Bloxin, həm də akademik N.N.Trapeznikov Cəmil müəllimə təklif etdilər ki, o, Moskvada qalsın və ÜOEM-in Endokrinologiya şöbəsinə rəhbərlik etsin. Belə təkliflər heç də hər kəsə olunmurdu. Şübhəsiz ki, dünya şöhrətli akademikləri ona belə təklif etmələrinə sövq edən səbəblərin əsasında Cəmil Əliyevin fitri istedada, yüksək səviyyəli mədəniyyətə, dərin zəkaya, ibrətamiz bacarığa, qabiliyyətə, özünə və başqalarına qarşı sağlam tələbkarlıq prinsipi ilə yanaşabilmə xüsusiyyətlərinə malik olması dururdu. Lakin Cəmil müəllim həm məmnunluq doğuran təkliflərinə, həm də bu illər ərzində ona göstərdikləri səmimi diqqət və qayğıya görə alicənab ustadlarına, bilik və bacarıqlarını son nöqtəsinə qədər onlara öyrətməyə çalışan və buna məharətlə nail olan müəllimlərinə - akademik N.N.Bloxinə və akademik N.N.Trapeznikova lütfən təşəkkür edib dərin minnətdarlığını bildirərək, Bakıya qayıtmaq və sonrakı fəaliyyətini Azərbaycanda davam etdirmək istəyində olduğunu bildirdi. Akademiklər ona uğur dilədilər və belə istedadlı, əməksevər gənclərin yetişməsindən iftixar hissi duyduqlarını gizlətmədilər.

Cəmil Əliyev doktorluq dissertasiyası müdafiəsindən sonra Bakıya qayıtdı. O, 1978-ci ildə Rentgenologiya, Radiologiya və Onkologiya Elmi-Tədqiqat İnstitutunun ümumi onkologiya şöbəsinin rəhbəri vəzifəsinə seçildi (1988-ci ildə bu institut respublika Onkoloji Elmi Mərkəzi, 1995-ci ildə Milli Onkoloji Mərkəz, 2004-cü ildə isə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Onkoloji Elmi Mərkəzi, sonra isə yenidən Milli Onkologiya Mərkəzi adlandırıldı). Bu vəzifədə çalışdığı qısa müddətdə gənc alim özünü yetkin professional tədqiqatçı, bacarıqlı həkim, səriştəli təşkilatçı kimi göstərdi və bu keyfiyyətlərinə görə 1980-ci ildə ona direktorun elmi işlər üzrə müavini vəzifəsi etibar edildi. Az müddətdə o, bu etimadı tam doğrultdu. Bununla da alimin çalışdığı tibb müəssisəsində elmi-tədqiqat işlərinin yerinə yetirilməsində bir canlanma başlandı və müvəffəqiyyətlər də özünü çox gözlətmədi.

1990-cı ildə Cəmil Əliyevin yaradıcılığı tarixində daha bir əlamətdar hadisə baş verdi: o, indiki Milli Onkologiya Mərkəzinin baş direktoru vəzifəsinə təyin edildi və həmin vaxtdan indiyə qədər dünya şöhrətli görkəmli alim Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzinin baş direktoru vəzifəsində çalışır. Artıq 26 ildir ki, bu çətin və məsuliyyətli vəzifəni şərəflə və yorulmadan yerinə yetirir.

Görkəmli alim təkcə respublikamızda deyil, onun hüdudlarından kənarda da onkologiya sahəsi üzrə bacarıqlı və nüfuzlu mütəxəssis kimi tanınır. Azərbaycanın və dünyanın ən qabaqcıl cərrah-onkoloqlarından birinə çevrilən alim süd vəzisi, dəri və dayaq-hərəkət aparatı və digər orqanların şişləri zamanı ehtiyac duyulan bütün mürəkkəb cərrahi əməliyyatları bilavasitə özü yerinə yetirir və xəstələrin fəal əməyə qayıtmalarına həkim həssaslığı ilə yaxından kömək göstərir. Cəmil müəllim süd vəzisi şişləri zamanı yerinə yetirdiyi operativ müdaxilələrdə, xüsusilə də süd vəzisinin rezeksiyası və mastektomiyalarında müxtəlif modifikasiyalar təklif etmiş və onların cərrahlıq praktikasında həyata keçirilməsində mühüm rolu olmuşdur. Onun rəhbərliyi altında və bilavasitə iştirakı ilə Azərbaycanda daha çox rast gəlinən bədxassəli şişlərdən süd vəzisi, dəri, qırtlaq və digər orqanların xərçəngi üzrə silsilə elmi-tədqiqat işləri aparılmışdır və hazırda da bu elmi istiqamət müvəffəqiyyətlə davam etdirilir. Cəmil müəllimin əməliyyatını müalicənin aparılmasında yeni metodlar işləyib hazırlaması və onları səhiyyə praktikasında geniş tətbiq etməsi travmatik əməliyyatlara göstərişləri məhdudlaşdırmağa imkan vermiş, orqansaxlayıcı əməliyyatların istifadə imkanlarını xeyli genişləndirmişdir. Süd vəzisi xərçəngi zamanı xüsusi işlənib hazırlanmış reabilitasiya-bərpa müalicə kompleksi və orqansaxlayıcı əməliyyatlarda istifadə edilən orijinal aparatların yaradılması belə xəstələrin əksəriyyətinin tam dəyərli həyata və ictimai faydalı əməyə qayıtmalarına imkan vermişdir. Akademik C.Əliyevin bilavasitə rəhbərliyi altında bu kompleksin praktikaya tətbiqi nəticəsində əlil xəstələrin sayı 2,5 dəfə azalmışdır. Eyni zamanda, alimin süd vəzisi xərçəngi xəstəliyinin inkişaf mərhələlərinin Beynəlxalq Təsnifatına etdiyi düzəliş dünya miqyasında həmin səviyyədə qəbul edilərək xəstələrin müalicə taktikasının yenidən qurulmasına şərait yaratmışdır.

Akademikin və onun rəhbərlik etdiyi kollektivin apardığı elmi-tədqiqat işlərinin bir hissəsi də süd vəzisinin bədxassəli və xoşxassəli şişləri olan xəstələrdə hepatit B və C viruslarının yayılmasına aiddir. Bu tədqiqatların nəticələri dünyada ilk dəfə sübut etdi ki, gizli keçən hepatit B süd vəzisi xərçəngi olan xəstələrin müalicəsinin nəticələrinə mənfi təsir göstərir. Belə tədqiqatların nəticələri 1996-cı ildə çapdan çıxmış “Süd vəzisi xərçəngi və qaraciyərin funksional vəziyyəti” və 2006-cı ildə çap olunmuş “Onkoloji xəstələrdə qaraciyərin subklinik patologiyası” adlı monoqrafiyalarda öz əksini tapmışdır. 

1988-ci ildə SSRİ Ali Attestasiya Komissiyası tərəfindən Cəmil müəllimə professor elmi adı verilib. Onun rəhbərliyi altında 40 nəfərdən çox namizədlik, 8 nəfər doktorluq dissertasiyası müdafiə edib. Bunlarla yanaşı, alim Azərbaycanda və Rusiya Federasiyasında müdafiə olunmuş onlarca doktorluq dissertasiyasının rəsmi opponenti kimi çıxışlar etmişdir. Hazırda o, daha bir neçə doktorluq və namizədlik dissertasiyasının məsləhətçisi və elmi rəhbəridir. Gənc elmi kadrların yetişdirilməsindəki fəaliyyətini uğurla davam etdirir. Onun elmi məktəbinin yetirmələri təkcə Azərbaycanda deyil, xarici ölkələrdə də onkologiyanın kliniki, eksperimental və nəzəri sahələri üzrə çalışır, elmi axtarışlarını davam etdirirlər. 

Akademik Cəmil Əliyev həm SSRİ dövründəki, həm də postsovet məkanındakı Rusiya Federasiyası EA-nın Onkoloji Elmi Mərkəzinin rəhbərliyi ilə sıx yaradıcılıq əlaqələri saxlayır. Belə mehriban dostluq əlaqələrinin davam etdirilməsi sayəsində azərbaycanlı gənclər vaxtaşırı həmin elmi mərkəzdə elmi-tədqiqat işləri aparır, uğurlu nəticələrə nail olurlar. Məhz bu qarşılıqlı əməkdaşlıq sayəsində OEM-in keçmiş baş direktoru mərhum akademik N.N.Trapeznikov bir neçə dəfə Bakıya gəlmiş, ulu öndər Heydər Əliyevlə görüşmüş, Azərbaycanda onkologiya elminin vəziyyəti ilə tanış olmuş, onun gələcək inkişaf perspektivləri haqqında mülahizələrini söyləmişdir. 

Akademik Cəmil Əliyev 600-dən çox elmi işin, 17 monoqrafiya və 14 metodiki göstərişin, 10 ixtira üzrə müəlliflik şəhadətnaməsinin, 2 patentin müəllifidir. Monoqrafiyalarından biri 1990-cı ildə “Treatment of Breast Tumours” adı altında ingilis dilində çap olunub. O, həmmüəlliflərlə birgə yazdığı “Dərinin bədxassəli şişlərində plastik operasiyalar” adlı monoqrafiyasına görə 1980-ci ildə SSRİ Tibb Elmləri Akademiyasının akademik N.N.Petrov adına mükafatına layiq görülüb. Onun Rusiyada, Almaniyada, ABŞ-da, İngiltərədə, Fransada, Yaponiyada, Avstriyada, Türkiyədə, Özbəkistanda və digər xarici ölkələrdə keçirilən beynəlxalq qurultay, simpozium, konqres və konfranslardakı elmi məruzələri dəfələrlə tələbkar alim auditoriyalarında dinlənilmiş və yüksək qiymətləndirilmişdir.

Cəmil müəllim 1994-cü ildə Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Onkologiya kafedrasının müdiri vəzifəsinə seçilmiş və bu günə qədər də həmin vəzifədə pedaqoqluq fəaliyyətini yorulmadan davam etdirir.

Ümummilli lider Heydər Əliyevin Azərbaycan alimlərinə yaratdığı əlverişli şərait, diqqət və qayğı sayəsində Cəmil Əliyevin yaradıcılığı da elmi qurumlarda öz yüksək qiymətini aldı və alim 2001-ci ildə əvvəlcə Rusiya Tibb Elmləri Akademiyasının, ondan bir qədər sonra isə Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü seçildi.

Akademik C.Ə.Əliyev elmi-pedaqoji fəaliyyətlə, müayinə, müalicə, diaqnostika, profilaktika və reabilitasiya tədbirləri, praktiki səhiyyə quruculuğu ilə yanaşı, elmi-təşkilatı işləri də daim diqqət mərkəzində saxlayır. O, Azərbaycanda müasir dövr səhiyyəsinin təşkilində böyük təşkilati işlər yerinə yetirir. Akademikin MOM-a rəhbərlik etdiyi dövrdə bu möhtəşəm elm və şəfqət ocağı təkcə Azərbaycanda və MDB ölkələrində deyil, uzaq xaricdə də geniş şöhrət qazanmışdır. Milli Onkologiya Mərkəzi Cəmil müəllimin səyi sayəsində daim inkişaf edir və möhkəmlənir. Onun təşəbbüsü nəticəsində ölkəmizdə radiologiya sahəsinin də inkişafı geniş vüsət almışdır.

Son illər Milli Onkologiya Mərkəzinin maddi-texniki bazası akademik Cəmil Əliyevin əvəzsiz xidmətləri sayəsində tam yenilənib, möhkəmlənib və arzu olunan səviyyəyə çatdırılıb. Bu baxımdan akademikin rəhbərliyi ilə Azərbaycanda ilk dəfə Uşaq Onkologiya İnstitutu binasının inşa etdirilməsi və fəaliyyətə başlaması, kadr potensialının möhkəmləndirilməsi, ən müasir tələblərə cavab verən cərrahiyyə bölümünün, həmçinin ambulator xidmətinin təminini yerinə yetirən binanın yüksək səviyyədə təşkili və müasir avadanlıqla təchizi diqqəti daha çox cəlb edir ki, bütün bunlar da əhaliyə tibb xidmətinin dünya standartlarına uyğun aparılmasına, müayinə, diaqnostika, müalicə və profilaktika tədbirlərinin, xəstələrin reabilitasiyasının rahatlıqla yerinə yetirilməsinə möhkəm zəmin yaradır. Bu da onun tərəfindən ölkə onkologiyasına ərmağan edilən ən gözəl töhfələrdən sayılır. Bunlarla yanaşı, akademik Cəmil Əliyevin təşəbbüsü ilə inşa edilən və beynəlxalq elmi konfransların keçirilməsi üçün nəzərdə tutulan 400 yerlik unikal konfrans zalının və bir neçə digər zalların istifadəyə verilməsi elmi-tədqiqat işlərinin məruzə və müzakirə edilməsinin maddi-texniki bazasına çevrilib.

Cəmil müəllimin ən böyük xidmətləri sırasında onun təkcə ölkəmizdə deyil, xarici ölkələrdə də yüksək qiymətləndirilən Mərkəzi Klinikanın təşkilinin təşəbbüskarı və yaxından iştirakçısı olması xüsusi yer tutur. Son onilliklərdə əhali arasında geniş və davamlı etimad qazanan, inam və etibar ocağına çevrilən Mərkəzi Klinikada tibbin müxtəlif sahələri üzrə ən mürəkkəb cərrahiyyə əməliyyatlarının yerinə yetirilməsinin böyük uğurla həyata keçirilməsi və layiqli qiymətini alması Cəmil müəllimin adı ilə bağlıdır.

Hazırda ölkəmizin paytaxtında akademikin təklifi və təşəbbüsü ilə inşa edilən çoxprofilli Milli Sağlamlıq Mərkəzinin tikintisi başa çatmaq üzrədir. Fəxrlə deyə bilərik ki, bu mərkəz təkcə Azərbaycanda deyil, ümumiyyətlə, regionda ən böyük çoxprofilli müasir klinika olacaqdır.

Xarici ölkələrdə də layiqli nüfuza malik olan alim müxtəlif illərdə İngiltərənin Xammersmitt Kral Universitetinin fəxri professoru, Avropa Tibbi Onkologiya Cəmiyyətləri Assosiasiyasının üzvü, MDB ölkələri Onkoloji Cəmiyyətləri Assosiasiyasının üzvü, Nyu York Elmlər Akademiyasının, Beynəlxalq Ekoenergetika Akademiyasının həqiqi üzvü seçilmiş, respublika Səhiyyə Nazirliyinin onkologiya üzrə Attestasiya Komissiyasının sədri, respublika Elmi-Tibbi Onkoloqlar Cəmiyyətinin sədri, onkologiya üzrə doktorluq və namizədlik dissertasiyalarının Müdafiə Şurasının sədri vəzifələrini uğurla yerinə yetirir. O, həmçinin “Dünya həkimləri nüvə müharibəsinə qarşı” Beynəlxalq Təşkilatının Azərbaycan Komitəsinin sədridir. Cəmil müəllimin uzun müddət Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Tibb üzrə Ekspert Şurasına rəhbərlik etməsi, onkologiya üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin baş mütəxəssisi vəzifəsində uğurla çalışması da onun elmi-praktik bacarıqlarının, təşkilatçılıq qabiliyyətinin hüdudlarının sərhədsizliyinin sübutlarındandır.

Akademik C.Əliyev Azərbaycan Respublikasının “Şöhrət” ordeninə, “Səhiyyə əlaçısı” döş nişanına layiq görülüb, SSRİ TEA-nın akademik N.N.Petrov adına mükafatının, Y.Məmmədəliyev adına mükafatın, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “M.Topçubaşov mühazirələri” mükafatının, eləcə də bir sıra nüfuzlu beynəlxalq təltif və mükafatların laureatıdır. AMEA-da akademik C.Əliyevin akademik M.Mirqasımov adına mükafat ilə təltif olunması haqqında qərar qəbul edilib. O, Beynəlxalq Ekoenergetika Akademiyasının Böyük qızıl medalı ilə təltif olunub.

Görkəmli ictimai və dövlət xadimi, bacarıqlı həkim Əziz Əliyevin ailəsində dünyaya göz açan Cəmil Əliyev bu böyük düha sahibinə layiq övlad olduğunu əməli işləri ilə sübuta yetirib. O, həssas qəlbli, sadə, dostluqda möhkəm, dəyanətli bir insandır. Son dərəcə yüksək mədəniyyətə, ali bəşəri duyğulara malik olan alim bütün vaxtını tibb elminin inkişafına, insanların sağlamlığının qayğısına qalmağa, yüksəkixtisaslı tibb kadrlarının yetişdirilməsinə həsr edir. Bu yol onu ucaldan şərəfli və şöhrətli alim yolunun əsas istiqamətlərindəndir.

Cəmil müəllim həm də gözəl ailə başçısıdır, iki övlad atasıdır. 

Azərbaycan xalqının ən qədim milli bayramlarından olan Baharın - Novruzun gəlişi təbiəti, atmosferi, Yer kürəsini təzələdiyi, yeni rəng çalarları ilə bəzədiyi kimi, belə bir gündə dünyaya göz açan Cəmil Əliyev də öz varlığı ilə, xoş aurası, mülayim münasibətilə onunla ünsiyyətdə olan insanların mənəvi dünyasını, insan qəlbinin dərinliklərini, insan meyarlarını daim təzələyir, təmizləyir, büllurlaşdırır.

Zənginliklərlə dolu olan məhsuldar yaradıcılığının müdriklik dövrünü yaşayan sədaqətli həmkarım, səmimi məslək dostum Cəmil müəllimi, dünya şöhrətli alimi 70 illik yubileyi ərəfəsində ürəkdən təbrik edir, ona möhkəm cansağlığı diləyir, ən xoş arzularımı, səmimi duyğularımı yetirirəm.

Əhliman Əmiraslanov, Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik, SSRİ Dövlət mükafatı laureatı

"Azərbaycan" qəzeti, 30 mart 2016-cı il