www.science.az
28.03.2016 09:03

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi müsabiqə elan edir

Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi perspektivli patentlərin müəyyən edilməsi, istifadəyə təklif olunması üçün ixtiraçılıq sahəsində nailiyyətlərə görə III Respublika Müsabiqəsi elan edir.

Müsabiqə Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2014-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”nın 4.11-ci bəndinə uyğun olaraq, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin tədbirlər planına daxil edilmişdir.

Müsabiqə 2014-2015-ci illərdə dövlət qeydiyyatına alınan ixtira patentləri arasında “İlin Patenti” nominasiyası üzrə qalibi müəyyən etmək məqsədilə keçirilir. Müsabiqəyə Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinə məxsus olan və 2014-2015-ci illərdə Avrasiya Patent İdarəsində qeydiyyata alınan Avrasiya patentləri də təqdim oluna bilər.

Müsabiqə komissiyası tərəfindən müsabiqənin nəticəsindən asılı olaraq I, II və III yerləri tutan qaliblərə müvafiq diplom, xatirə hədiyyələri və pul mükafatları təqdim olunacaqdır.

Müsabiqədə iştirak etmək istəyən fiziki və hüquqi şəxslər aşağıdakı sənədləri təqdim etməlidirlər:

1. Təqdim olunan sənədlərin siyahısını özündə əks etdirən  ərizə-təqdimat. Ərizə patent sahibi və ya etibarnamə əsasında onun səlahiyyətli nümayəndəsi tərəfindən imzalanır;

2. Patentin əsli ilə birlikdə surəti;

3. Patentə məxsus ixtiranın bütün materialları (ixtiranın təsviri, düstüru, referatı, texnoloji sistemi, cizgiləri və s.);

4. Mümkün istifadə sahəsi göstərilməklə əhəmiyyəti, ixtiranın səmərəsi haqqında əsaslandırılmış məlumatlar;

5. Patent sahibi tərəfindən verilən səlahiyyəti təsdiqləyən Etibarnamə (zərurət olduqda);

6. Patent sahibi tərəfindən zəruri sayılan digər sənədlər.

Müsabiqədə iştirak etmək istəyənlər sənədləri 9 aprel 2016-cı il tarixinədək saat 14:30-17:30-dək Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Sənaye Mülkiyyəti Obyektlərinin Ekspertizası Mərkəzinin (AzPatent) İnformasiya təminatı şöbəsinə təqdim edə bilərlər.

Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mirzə İbrahimov küç., 53.

Əlaqə vasitələri: (+994 12) 594 37 70 (71), daxili 1-08;  (+994 50) 328 04 51; (+994 55) 491 04 69

E-mail: kerimli-sherif@mail.ru 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.