Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

AMEA-nın bir qrup nümayəndəsi “Horizon-2020” Proqramı çərçivəsində Kiyevdə elmi ezamiyyətdə olub
18.03.2016 09:37
  • A-
  • A
  • A+

AMEA-nın bir qrup nümayəndəsi “Horizon-2020” Proqramı çərçivəsində Kiyevdə elmi ezamiyyətdə olub

15-16 mart 2016-cı il tarixlərində Ukrayna Təhsil və Elm Nazirliyinin təşkilatçılığı ilə Kiyev şəhərində Avropa Komissiyasının IncoNet EaP proqramı çərçivəsində enerji, iqlim dəyişiklikləri, səhiyyə və digər istiqamətlər üzrə beynəlxalq ekspertlərin iştirakı ilə “Horizon-2020” Proqramına dair Milli əlaqələdirici şəxslərin görüşü və altı sahə üzrə İşçi qrupu üçün praktiki təlim kursları keçirilib.

Konfransda AMEA Rəyasət Heyəti aparatının Beynəlxalq əlaqələr idarəsinin rəis müavini, Azərbaycanın “Horizon-2020” Proqramının milli əlaqəndiricisi Zərifə Əliyeva, Radiasiya Problemləri İnstitutunun laboratoriya müdiri, AMEA-nın müxbir üzvü İslam Mustafayev, İdarəetmə Sistemləri İnstitutunun Xarici əlaqələr və innovasiya şöbəsinin rəisi, texnika üzrə fəlsəfə doktoru T.Babayev, Coğrafiya İnstitutunun aparıcı elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Rövşən Kərimov, Fizika İnstitutunun aparıcı elmi işçisi Elçin Cəfərov və Qafqaz Universitetinin şöbə rəisi Zəfər Həsənov iştirak ediblər.

Tədbirdə Regional və Beynəlxalq Araşdırmalar Mərkəzinin direktoru və “Horizon-2020” 7-ci Çərçivə Proqram layihəsinin elmi koordinatoru Dr. Corc Bonas, Avropa Komissiyası Tədqiqat və İnnovasiya Müdirliyinin Beynəlxalq Əməkdaşlıq üzrə məsul şəxsi Tieri Devar və digər tanınmış ekspertlər iştirak ediblər.

Tədbirdə layihələrin yazılış qaydaları bir daha təhlil olunub, müxtəlif sahələr üzrə 5 istiqamətdə enerji, iqlim dəyişiklikləri, ətraf mühit, nəqliyyatın mühafizəsi, koordinatorların yerli əlaqələndiricilərlə işləmə qaydaları, maliyyənin layihələr üzrə paylanması və s. məsələlər ətrafında müzakirələr aparılıb. IncoNet EaP layihəsinin bu ilin avqust ayında başa çatacağı diqqətə çatdırılıb.

Təşkilatçıların sözügedən layihənin davamı olaraq cari ilin iyun ayında yeni proqram üzrə işlərin aparılması barədə qərarı açıqlanıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: