Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  YUBİLEYLƏR

AMEA-nın müxbir üzvü Bəxtiyar Əliyevin 55 yaşı tamam olur
18.03.2016 09:34
  • A-
  • A
  • A+

AMEA-nın müxbir üzvü Bəxtiyar Əliyevin 55 yaşı tamam olur

Martın 20-də Bakı Dövlət Universitetinin Psixologiya kafedrasının müdiri, Azərbaycan Respublikası Milli Məclisinin Elm və təhsil komitəsinin sədr müavini, AMEA-nın müxbir üzvü, professor Bəxtiyar Əliyevin 55 yaşı tamam olur.

Bəxtiyar Əliyev 1961-ci il mart ayının 20-də Ağdam şəhərində anadan olmuşdur. 1979-cu ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Psixologiya fakültəsinə daxil olmuşdur. 1983-ci ildə həmin fakültəni bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Psixologiya və pedaqogika kafedrasında təyinatla əmək fəaliyyətinə başlamışdır.

1989-cu ildə "Millətlərarası ünsiyyət sosial-psixoloji təhlilin obyekti kimi" mövzusunda namizədlik, 1998-ci ildə "Cinayət və mülki prosesdə məhkəmə-psixoloji ekspertizası problemləri" mövzusunda doktorluq dissertasiyalarını müdafiə etmiş, 2000-ci ildə isə professor elmi adını almışdır. 2007-ci ildə AMEA-nın müxbir üzvü seçilmişdir.

B.Əliyev məhkəmə-psixoloji ekspertizasının ümumi nəzəriyyəsini işləyib hazırlamış və onun əsasında ilk dəfə olaraq fizioloji affektin müəyyən edilməsinin yeni metodikasını və psixoloji meyarlarını, məhkəmə-psixoloji ekspertizasının növlərinin təsnifatı sistemini müəyyənləşdirmişdir. “Fizioloji affektin” məhkəmə ekspertizasının təşkili və keçirilməsi prinsiplərini, ekspert-psixoloqun rəyinin sübutun bir növü qiymətləndirilməsinin elmi-hüquqi əsaslarını müəyyənləşdirmişdir.  Həmçinin, "Şəxsiyyətə yeni baxış" nəzəriyyəsini işləyib hazırlamışdır. Onun tədqiqatlarında ekologiyanın və sosial ekologiyanın fəlsəfi-psixoloji məsələləri, təhsil və tərbiyənin psixoloji əsasları, insanın ekstremal şəraitdə davranışının tənzimlənməsi, Dekartın, Aristotelin və Bəhmənyarın fikirlərinin idrak nəzəriyyəsinin inkişafında rolu, cinayət və mülki hüququn, həmçinin kriminologiyanın əsas məsələlərinin, xüsusi biliklərin hüquq praktikasında tətbiqinin metodoloji əsasları, milli dövlətçilik və demokratik inkişafın sosial, fəlsəfi və psixoloji aspektləri, kütlə psixologiyası, siyasi liderin psixoloji portreti, sosial-psixoloji tədqiqatların metodologiyası öz əksini tapmışdır.

Alimin elmi tədqiqatlarının nəticələri respublikada və xaricdə nəşr olunan 191-dən çox elmi əsərdə öz əksini tapmışdır. Onun rəhbərliyi altında 24 namizədlik, 5 doktorluq dissertasiyası müdafiə edilmişdir.

B.Əliyev 2000-ci ildən psixologiya elmləri üzrə Dissertasiya şurasının sədridir. Elmi fəaliyyətinə görə 1999-cu ildə Beynəlxalq Kadrlar Akademiyasının həqiqi üzvü seçilmişdir. O, Bakı Dövlət Universitetində "Eksperimental psixologiya" elmi-tədqiqat laboratoriyasını yaradaraq idrak prosesləri, şəxsiyyət psixologiyası sahəsində elmi araşdırmalara rəhbərlik edir.

1999-cu ildə Azərbaycanda ilk dəfə olaraq "Psixologiya jurnalı"nı təsis etmiş və indiyədək həmin nəşrin baş redaktorudur.

B.Əliyev elmi-pedaqoji fəaliyyətlə yanaşı, ictimai-siyasi fəaliyyətlə də məşğuldur. Hazırda Milli Məclisin IV çağırış deputatıdır. Avropa Şurası Parlament Assambleyasının üzvü kimi "Elm və təhsil məsələləri komitəsi"nin, "Monitorinq komitəsi"nin üzvü və "Geniş miqyaslı miqrantlar və köçkünlərlə iş üzrə" alt komitənin sədri olmuşdur. 2005-ci ildən Azərbaycan Respublikası Milli Məclisinin "Elm və təhsil komitəsi"nin sədr müavinidir.

Həmçinin Azərbaycan Respublikası Prezidenti yanında "Əfv məsələləri üzrə komissiya"nın və "Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə komissiya"nın üzvüdür.

Tanınmış elm mücahidini 55 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edir, Ulu Tanrıdan ona uzun ömür, möhkəm can sağlığı, Azərbaycan elminin inkişafı yolunda yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

 

  • Paylaş: