www.science.az
17.03.2016 17:45

AMEA-da “Alimlər evi”nin açılış mərasimi keçirilib

Martın 17-də Mərkəzi Elmi Kitabxanada AMEA Rəyasət Heyətinin nəzdində təsis edilmiş  “Alimlər evi”nin açılış mərasimi baş tutub.

AMEA-nın vitse-prezidentləri, bölmələrin akademik-katibləri, elmi müəssisələrin direktorları və digər təşkilat nümayəndələrinin iştirak etdiyi tədbiri giriş sözü ilə "Alimlər evi"nin direktoru, tarix üzrə fəlsəfə doktoru Nuridə Quliyeva açıb. O, yeni qurumun vəzifələri haqqında məlumat verərək  bildirib ki, “Alimlər evi” tanınmış dövlət və ictimai xadimlərlə görüşlər keçirmək, alimlərin elmi, ictimai, ölkədaxili və beynəlxalq həyatda baş verən hadisələrin müzakirəsi və informasiya mübailəsi aparmaları üçün şərait yaratmaq kimi işləri həyata keçirəcək.

Sonra AMEA prezidenti, akademik Akif Əlizadə çıxış edərək "Alimlər evi"nin yaradılması ilə bağlı təklifin Akademiyanın həm gənc, həm də yaşlı nəsli tərəfindən irəli sürüldüyünü, bu məsələnin hər zaman diqqət mərkəzində olduğunu bilidirib. Qeyd edib ki, ölkə alimləri arasında sıx dostluq  münasibətləri  qurmaq, onların bir-birilə elmi müzakirələr aparmalarına şərait yaratmaq, dünyada keçirilən elm və texnologiya sərgilərində AMEA-nın pavilyonlarını təşkil etmək qurumun əsas hədəflərindəndir.

“Bu ev alimlərin yığıncaq məkanına çevriləcək” deyə bildirən AMEA rəhbəri burada azad şəraitdə elmi, mədəni mühit yaranacağına əminliyini ifadə edib. O, yaxın vaxtlarda  Alimlər evi üçün yeni xüsusi binanın da istifadəyə veriləcəyini vurğulayıb.

Akademik A.Əlizadə diqqətə çatdırıb ki, Alimlər evi Akademiyanın elmi innovasiya nailiyyətlərinin və müasir dövrdə multikulturalizm ənənələrinin cəmiyyətdə təbliği, elmi əməkdaşların yaradıcılıq fəallığının artırılması və mədəni-mənəvi inkişafının qorunması istiqamətində fəaliyyətin həyata keçirilməsi məqsədilə AMEA Rəyasət Heyətinin 10 fevral 2016-cı il tarixli qərarı ilə yaradılıb.

Tədbirdə çıxış edən ABŞ-ın Merilənd Universitetinin fəxri professoru, Şərq-Qərb Kosmik Elmi Mərkəzinin direktoru, fizika-riyaziyyat üzrə elmlər doktoru Roald Saqdeyev Alimlər evinin açılışı münasibəti ilə AMEA əməkdaşlarını təbrik edib, qurumun alimlər arasında dostluq və səmimiyyəti daha da artıracağına əminliyini bildirib. Sonra isə qonaq elmi-populyar təqdimatla çıxış edib.

Tədbir bədii-musiqili proqramla davam edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.