www.science.az
17.03.2016 16:23

“Akademkitab”ın açılış mərasimi keçirilib

Mərkəzi Elmi Kitabxanada “Akademkitab” MMC-nin kitab mağazasının açılışı münasibətilə tədbir keçirilib.

“Akademkitab”ın direktoru Əliağa Cəfərli tədbirin kitab mağazasını ictimaiyyətə tanıtmaq məqsədi daşıdığını söyləyərək, onun yaranma tarixi barədə ətraflı məlumat verib. Bildirib ki, tarixi kökləri 1956-cı ildə SSRİ Elmlər Akademiyasının tərkibində “Nauka” təşkilatının yaranmasına təsadüf edən “Akademkitab” həmin təşkilatın Azərbaycanda təmsil olunan 5 kitab ticarət təmsilçilərindən biridir. “Akademkitab” 60 ildir fəaliyyət göstərir. Məqsədi SSRİ Elmər Akademiyasının nəşrlərini təbliğ etmək olan bu qurum SSRİ-nin süqutundan sonra 1992-ci ildə Azərbaycan Elmlər Akademiyasının tərkibinə daxil edilib. 1997-ci ildə isə “Akademkitab” bir bölmə kimi AMEA-nın tərkibində yardılan “Elm” Redaksiya-Nəşriyyat və Poliqrafiya Mərkəzinin tabeliyinə keçirilib. 2015-ci ildə AMEA Rəyasət Heyətinin qərarı ilə Mərkəzi Elmi Kitabxananın tərkibinə daxil edilib. Hazırda isə “Akademkitab” məhdud məsuliyyətli cəmiyyət kimi fəaliyyət göstərir.

Ə.Cəfərli qeyd edib ki, cəmiyyətin Nizamnaməsinə əsasən onun əsas fəaliyyəti AMEA-nın Rəyasət Heyəti aparatının, elmi müəssisə və təşkilatlarının, həmçinin ayr-ayrı müəlliflərin sifarişi əsasında elmtutumlu məhsulların, kitabların, jurnalların, elmi-kütləvi, ədəbi-bədii və digər ədəbiyyat nümunələrinin nəşrini təşkil və təbliğ etməkdən ibarət olacaq.

Azərbaycanın regionlarında “Akademkitab” kitab evinin filiallarının açılmasının nəzərdə tutulduğunu söyləyən direktor əlavə edib ki, əsas məqsəd AMEA nəşrlərinin təbliğini daha da genişləndirməkdir.

Tədbirdə fiziki imkanları məhdud olan istedadlı uşaqların əl işlərindən ibarət sərgisi də nümayiş etdirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.