Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

17.03.2016 16:35
  • A-
  • A
  • A+

AMEA prezidenti Polşanın Azərbaycandakı səfirini qəbul edib

AMEA prezidenti Polşanın Azərbaycandakı səfirini qəbul edib

Bu gün AMEA Rəyasət Heyətində Polşa Respublikasının Azərbaycandakı səfiri cənab Marek Tsalkani ilə görüş keçirildi.

Görüşün əsas məqsədi hər iki ölkənin elmi təşkilat və müəssisələri arasında müvafiq sahədə əməkdaşlıq perspektivlərinin müzakirəsi idi.

Öncə AMEA prezidenti, akademik Akif Əlizadə qonağı salamlayaraq onu rəhbərlik etdiyi elm ocağında görməkdən məmnun olduğunu bildirdi. Ötən ilin noyabr ayında AMEA-nın 70 illik yubileyinin təntənəli şəkildə qeyd olunduğunu diqqətə çatdıran alim son zamanlar Akademiyada həyata keçirilən islahatlardan, innovativ layihələrdən söz açdı. Prioritet elmi-istiqamətlərdə aparılan araşdırmalar haqqında ətraflı məlumat verdi.

Sonra Polşa səfiri M.Tsalkani çıxış edərək AMEA-nın müvafiq qurumları ilə əməkdaşlıq əlaqələrinin qurulmasında maraqlı olduqlarını bildirdi. Qeyd etdi ki, birgə elmi-tədqiqatların aparılması, konfrans və seminarların keçirilməsi, kadr və təcrübə mübadiləsinin aparılması hər iki ölkə alimlərinin daha mühüm elmi nailiyyətlər əldə etməsində böyük rol oynayacaq.  

AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev Polşaya səfərindən söz açaraq orada həm elm və təhsil, həm də digər sahələrin inkişaf etdiyini, bu ölkənin əldə etdiyi təcrübədən yararlanmağın bizim üçün də faydalı olacağına əminliyini ifadə etdi.

Sonda səfir M.Tsalkani A.Əlizadəyə aprelin 20-də Bakı şəhərində Beynəlxalq Muğam Mərkəzində keçiriləcək sərgi barədə məlumat verdi. Polşa səfiri AMEA prezidentini nümayəndə heyətilə birgə sərgidə iştirak etməyə dəvət etdi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: