www.science.az
17.03.2016 12:15

Meksikanın Azərbaycandakı səfiri Şamaxı Astrofizika Rəsədxanasında olub

Meksikanın Azərbaycandakı səfiri Xuan Rodrigo Labardini və Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev AMEA Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında olublar.

Qonaqları salamlayan rəsədxananın direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılov onlara bu müəssisənin fəaliyyət istiqamətləri barədə məlumat verib.

Daha sonra qonaqlar rəsədxanada 2 m-lik teleskopun avtomatlaşdırılması və modernləşdirilməsi, istifadə olunan yeni işıq qəbulediciləri, onların vasitəsilə alınan müşahidə materialları və onların işlənməsində istifadə edilən proqramlarla, həmçinin alınan elmi nəticələrlə tanış olublar.

Səfir Xuan Rodrigo Labardini AMEA-nın Şamaxı Astrofizika Rəsədxanası ilə tanışlıqdan məmnunluğunu ifadə edib. Rəsədxanada astrofizika sahəsində aparılan elmi işlərin səviyyəsi, tətbiq olunan tədqiqat metodları və son illərdəki yeniləşmə və quruculuq işləri qonaqda xoş təəssürat yaradıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.