www.science.az
17.03.2016 10:26

Laboratoriya şəraitində insan ürəyi yetişdirilib

Alimlər regenerasion tibbin inkişafı istiqamətində mühüm irəliləyişə nail olublar. Massaçusets Universiteti nəzdində mərkəzi xəstəxana, Harvard Gövdə Hüceyrələri İnstitutu və Harvard Tibb Məktəbində çalışan biomühəndislər komandası laboratoriya şəraitində insan ürəyi yetişdiriblər.

Bir neçə il davam edən sınaqlar zamanı alimlər transplantasiya üçün uyğun gəlməyən 73 donor orqanından istifadə ediblər.

Donor ürəklər üzərində işləyən alimlər yalnız hüceyrəxarici matriksi, həmçinin zədələnməmiş qan damarlarını saxlayaraq miokard hüceyrələrini məhv ediblər. Daha sonra karkas gövdələrdən əldə edilmiş hüceyrələrlə doldurulub. 120 gün ərzində ürək toxumasını formalaşdırmış gövdə hüceyrələri əmələ gəlib.

Alimlərin sözlərinə görə, yetişdirilmiş miokard elektrik impulslarına cavab olaraq yığılıb və əsl ürək kimi işləyib. Lakin bir problem mövcuddur. Əkilmiş hüceyrələri müxtəlif funksional növ kimi inkişaf etdirmək çətindir. Məlumdur ki, ürək toxuması yalnız kardiomiositlərdən deyil, həm də epitelilər və hamar əzələ hüceyrələrindən ibarətdir.

Bununla belə, qrupun rəhbəri həkim Harold Ott bəyan edib ki, gələcək transplantasiya üçün 100% yetişdirilmiş orqan artıq gələcəyin reallığıdır.

www.popsci.com