www.science.az
16.03.2016 10:49

Britaniyalı alim nüfuzlu Abel mükafatına layiq görülüb

“Riyaziyyatçılar üçün Nobel mükafatı” adlandırılan nüfuzlu Abel mükafatına britaniyalı alim Endrü Uayls layiq görülüb.

Abel mükafatı 2003-cü ildən başlayaraq hər il müasir riyaziyyat elmi sahəsində fundamental nəticələr əldə etmiş görkəmli alimlərə verilir.

Mükafat alimə 1994-cü ildə təqdim etdiyi Böyük Ferma teoreminin isbatına görə veriləcək. Teoremi isbat etmək üçün tədqiqatçı tərəfindən elliptik əyrilər nəzəriyyəsi tətbiq edilib. Alimin riyaziyyat elminə verdiyi bu töhfə gələcək elmi nəticələrin əldə olunmasında geniş imkanlar yaradacaq.

Dəyəri 700 min ABŞ dolları olan bu mükafatın təqdimetmə mərasimi cari ilin 24 may tarixində Norveçin paytaxtı Oslo şəhərində baş tutacaq.

Qeyd edək ki, hazırda Endrü Con Uayls ABŞ-ın Prinston Universitetində riyaziyyat üzrə professordur. O, Böyük Ferma teoremini isbat etmək cəhdinə ilk dəfə hələ on yaşında olarkən təşəbbüs edib.

www.naked-science.ru