www.science.az
15.03.2016 17:20

AMEA-nın Birləşmiş Veteranlar Şurasının növbəti iclası keçirilib

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Akademiyanın Birləşmiş Veteranlar Şurasının  (BVŞ) növbəti iclası keçirilib.

Tədbirdə Şuranın sədr müavini, II Xüsusi şöbənin rəisi Eldar Quliyev veteranları və tədbir iştirakçılarını Novruz bayramı münasibətilə təbrik edib. E.Quliyev Azərbaycan Respublikası Veteranlar Şurasının nizamnaməsində göstərilən tövsiyələrə uyğun olaraq BVŞ tərəfindən görülən işlərdən danışıb. Qeyd edilib ki, şura il ərzində fəaliyyətini əhəmiyyətli dərəcədə gücləndirib, ictimai qurumlarla əlaqələrini genişləndirməklə elmi müəssisələrdə veteran təşkilatlarının möhkəmləndirilməsinə, veteran fəalların təşəbbüslərinin artırılmasına, gənclərin vətənpərvərlik ruhunda tərbiyələnməsində müxtəlif forma və üsulların istifadəsinə diqqəti artırıb.

Sonra çıxış edən BVŞ-ın sədri, AMEA-nın müxbir üzvü Rafiq Qasımov bildirib ki, 1941-1945-ci illər müharibəsində azərbaycanlılar tarixi qələbənin qazanılmasına öz töhfələrini veriblər. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə veteranlara göstərilən dövlət qayğısı sosial siyasətin əsas istiqamətlərindən biridir. Əmək pensiyaları və müavinətlərin artırılması, hər il 9 May – Qələbə Günü münasibətilə birdəfəlik müavinətlərin verilməsi, minik avtomobilləri ilə təminat, mənzil-məişət şəraitinin yaxşılaşdırılması veteranlara dövlət tərəfindən göstərilən diqqətin nəticəsidir.

Daha sonra AMEA-nın Azad Həmkarlar İttifaqının sədri, professor İsa Alıyev rəhbərlik etdiyi qurumun akademiyanın sosial və ictimai həyatındakı rolundan danışıb. AMEA əməkdaşlarının asudə vaxtlarını səmərəli dəyərləndirmələri üçün bir sıra tədbirlərin həyata keçirildiyi bildirilib. O, AMEA-nın elmi müəssisələrində çalışan aztəminatlı veteranlara müavinətlərin verildiyini nəzərə çatdırıb, həmçinin onların sanatoriyalarda müalicə almaları və istirahət etmələri üçün tikilən yeni mərkəzlərin inşasının yekunlaşdırıldığını söyləyib.

AMEA-da “İlin ən yaxşı veteran alimi” mükafatının təsis ediləcəyini deyən İ.Alıyev müsabiqənin bu ilin yay aylarında keçiriləcəyini bildirib. Azad Həmkarlar İttifaqının sədri veteranlar arasında şeir müsabiqəsinin də təşkil olunacağını qeyd edib.

Tədbirdə cari ildə veteranların həyat və iş şəraitinin yaxşılaşdırılması, onlara lazımi güzəştlərin göstərilməsi, veteran alimlərin qrant layihələrə cəlb edilməsi və s. məsələlər müzakirə olunub, bir sıra təkliflər səsləndirilib.

Sonda veteranlara istirahət və müalicə olunmaları üçün yollayışlar təqdim edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.