Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

14.03.2016 17:30
  • A-
  • A
  • A+

AMEA-nın elmi müəssisələrində məktəblilər üçün “Açıq qapı” günü keçirilib

AMEA-nın elmi müəssisələrində məktəblilər üçün “Açıq qapı” günü keçirilib

AMEA-nın MikrobiologiyaBotanika institutları və Mərkəzi Nəbatat Bağının Gənc Alim və Mütəxəssislər Şuralarının birgə təşkilatçılığı ilə biologiya elminin təbliği məqsədilə "Açıq qapı" günü keçirilib.

Mikrobiologiya İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, b.ü.f.d. Vüsalə Xəlilzadə 43 saylı məktəb-lisey kompleksinin 6-cı sinif şagirdlərinə bu elmi müəssisənin yaranma tarixi və fəaliyyət istiqamətləri barədə məlumat verib.

Sonra institutun Ekoloji mikrobiologiya laboratoriyasının elmi işçisi, b.ü.f.d. Aygun Qasımovanın mikroorqanizmlərin tədqiqat prossesi, laboratoriya şəraitində əkilməsi və becərilməsi üsullarından bəhs edən “Bizi əhatə edən mikro-aləm” adlı məruzəsi dinlənilib. Mövzuya uyğun olaraq laboratoriya avadanlıqlarından istifadə olunmaqla şagirdlərə müəyyən təcrübələr göstərilib. İnstitutun elmi işçiləri Əfsanə Hüseynova və Aytən Abuşovanın nəzarəti ilə məktəblilər mikroorqanizimləri mikroskopla izləyiblər. Həmçinin mikrobioloji boksda mikroorqanizimlərin əkilmə prossesləri əyani olaraq nümayiş etdirilib.

Daha sonra şagirdlər Botanika İnstitutunda olublar. Ali bitkilərin sistematikası şöbəsinin elmi işçisi, doktorant Şəhla  Mirzəyeva şagirdlərə institutun zəngin Herbari Fondunda saxlanılan dəyərli tip nümunələri, onların saxlanılma şəraiti və rəqəmsallaşdırılaraq Avropa məlumat bazasına daxil edilməsi barədə danışıb. Gənc mütəxəssis Xanım Həsənova sagirdləri Botanika muzeyində nümayiş olunan “Azərbaycanın yaşıl xəzinəsi” adlı sərgi və interaktiv xəritə ilə tanış edərək, Hirkan meşələrinin on klassik relikt ağac növünün yayılma əraziləri haqqında məlumat verib.

Sonda məktəblilər Mərkəzi Nəbatat Bağında olublar. Bu müəssisənin doktorantı Aynur Ərəbzadə şagirdlərə Bağın kolleksiyasına daxil olan Azərbaycan florasına aid endem və nadir bitki növləri, həmçinin dərman bitkilərini nümayiş etdirərək onların təbii yayılma əraziləri, əhəmiyyəti, mühafizə problemləri barədə danışıb. 

Bağın Gənc Alim və Mütəxəssislər Şurasının sədri, doktorant Fərid Seyfullayev isə məktəblilərə Dendroxronologiya elmi haqqında umumi məlumat verərək, müasir burğu vasitəsilə ağacdan götürdüyü nümunələr üzərində oduncaqdakı halqaların qalınlığına və rənginə görə ağacların yaşının təyini, ətraf mühitdə baş verən iqlim dəyişikliyi, çirklənmə və s. nəticəsində yaranan dəyişiklikləri izah edib. Arxeoloji qazıntılar zamanı tapılan 3 və 6 min il bundan əvvələ aid ağac və yaşı 10 min illərlə ölçülən daşlaşmış oduncaq nümunələri şagirdlərin marağına səbəb olub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: