www.science.az
11.03.2016 17:00

Elektron tibbin multidissiplinar problemlərinə həsr olunmuş ilk konfransa hazırlıq işləri görülür

AMEA İnformasiya Texnologiyaları İnstitutunda növbəti elmi seminar keçirildi. Tədbiri giriş sözü ilə açan AMEA-nın akademik-katibi, institutun direktoru, akademik Rasim Əliquliyev gündəlikdə duran məsələləri diqqətə çatdırdı. Mayın 24-də AMEA Rəyasət Heyəti, Azərbaycan Tibb Universiteti və AMEA İnformasiya Texnologiyaları İnstitutunun təşkilatçılığı ilə “Elektron tibbin multidissiplinar problemləri” I respublika elmi-praktiki konfransının keçiriləcəyini bildirdi. Qeyd etdi ki, konfrans e-tibbin müxtəlif problemlərinin müzakirəsi üçün müvafiq sahələr üzrə aparıcı alim və mütəxəssislərin bir araya toplaşması baxımından mühüm əhəmiyyətə malikdir.

R.Əliquliyev tədbirin Azərbaycan Milli Elmlər Akademiyasının prioritet elmi istiqamətlərindən olan e-tibbin multidissiplinar xarakter daşıyan problemlərinə həsr olunmuş ilk konfrans olduğunu vurğuladı. Milli e-səhiyyə konsepsiyasının işlənilməsi və elmi müəssisələrdə bu sahə üzrə aparılacaq fundamental tədqiqatların e-tibbin inkişafı istiqamətində mühüm nailiyyətlərin əldə olunmasına təkan verəcəyini söylədi.

“E-tibb dünyanın ən perspektivli sahələrindən biridir və müasir informasiya cəmiyyətinin aparıcı ölkələrinin mühüm nailiyyətləri məhz bu sahə ilə bağlıdır. Dünyada gedən qloballaşma prosesi, müasir texnologiyaların sürətli inkişafı tibdə informasiya texnologiyalarının tətbiqini zəruri edir. Bu baxımdan tibbin İKT problemləri kontekstində e-tibbin normativ-hüquqi bazasının formalaşdırılması, fərdi tibbi məlumatların onlayn mühitdə təhlükəsizliyi, informasiya cəmiyyəti şəraitində insanların sağlamlığının təmin olunmasında yeni texnologiyaların tətbiqi imkanları və perspektivləri, o cümlədən e-tibbi demoqrafiyanın formalaşması məsələlərinin araşdırılması zəruridir”, – deyə akademik bildirdi.

Alimin sözlərinə görə, fərdi tibbi məlumatlar və Big Data, Data Science və onun tibbi ixtisaslar üzrə proyeksiyaları, e-sağlamlıq kartlarının buludlaşdırılması məsələləri, tibbi ekspert sistemləri, e-tibb və bulud texnologiyaları, tibbi elektronika, informasiya inqilabları və tibbi biliklərin təkamülü kimi mühüm məsələlər üzrə fundamental elmi-tədqiqatlar aparılmalıdır. E-tibdə 3D-texnologiyalar, biometrik texnologiyalar, superhesablama və Data Mining texnologiyalarının tətbiqi imkanlarının öyrənilməsi mühüm şərtlərdəndir.

İKT-nin tibbi problemləri üzrə müasir dövrdə insanların informasiya ilə ifrat yüklənməsi və onun mənfi təzahürləri, İKT-nin təsiri ilə yaranan xəstəliklər, informasiya ekologiyası və əhalinin sağlamlığı, e-tullantılar və onların insan sağlamlığına təsiri və s. araşdırılmalıdır. Tibbi informatika və e-tibbə dair tədris materiallarının hazırlanması və tibbi personala İKT üzrə biliklərin tədrisi də xüsusi diqqət tələb edən məsələlərdəndir.

R.Əliquliyev e-tibbə dair beynəlxalq qurumların və xarici ölkələrin təcrübəsi, dünyada bu sahə üzrə müşahidə olunan tendensiyalar, yeni çağırışların öyrənilməsi və əldə olunan zəruri biliklərin ölkədə tətbiqi perspektivlərinin araşdırılmasının önəmini vurğuladı.

Sonra Tədris-İnnovasiya Mərkəzinin rəhbəri Rəsmiyyə Mahmudova mərkəzdə doktorant və dissertantlara tədris olunan “İnformatika” fənni üzrə mühazirələrə dair tələblər haqqında çıxış etdi. Bildirdi ki, mühazirələrin elmin müasir inkişaf səviyyəsinə uyğunluğu və anlaşıqlı olması mühüm amillərdəndir. Mühazirələrdə nüfuzlu mənbələrə istinad olunmalı, istifadə edilən yeni termin və anlayışlar izah edilməli, nəzəriyyənin təcrübə ilə bağlılığı prinsipi reallaşdırılmalıdır.

Daha sonra çıxış edən şöbə müdiri Anar Səmidov 360 dərəcə foto və video çəkiliş haqqında məlumat verərək bildirdi ki, 360 dərəcə foto çəkilişlər insanlarda məkan haqqında təsəvvür yaradır, bu tip video çəkilişlər isə onları hadisələrin mərkəzinə aparır.

360 dərəcə foto və video çəkilişlərin yüksək texniki göstəricilərə malik foto və video kameralarla həyata keçirildiyini söyləyən A.Səmidov “www.ikt.az” saytının “360 dərəcə” bölməsində institutla virtual tanışlıq imkanının təqdim olunduğunu diqqətə çatdırdı.

Sonda ətraflı fikir mübadiləsi aparıldı, təklif və tövsiyələr səsləndirildi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.