www.science.az
11.03.2016 14:32

AMEA-nın müxbir üzvü Amin İsmayılovun 65 yaşı tamam olur

Martın 14-də aqrar elmlər sahəsində tanınmış alim, Torpaqşünaslıq və Aqrokimya İnstitutunun laboratoriya müdiri, AMEA-nın müxbir üzvü Amin İsmayılovun 65 yaşı tamam olur.

Amin İsmayıl oğlu İsmayılov 1951-ci ildə Kürdəmir rayonunda anadan olmuşdur. 1972-ci ildə Azərbaycan Politexnik İnstitutunun Hidromeliorasiya fakültəsini bitirmişdir.

1981-ci ildə aqrar elmlər üzrə fəlsəfə doktoru, 2003-cü ildə aqrar elmlər doktoru alimlik dərəcələrini, 2011-ci ildə isə professor elmi adını almışdır. 2014-cü ildə AMEA-nın müxbir üzvü seçilmişdir.

A.İsmayılov 1974-1975-ci illərdə Şirvanmeliosutikinti Trestində mü­hən­­dis, daha sonra AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunda baş laborant, kiçik elmi işçi, böyük elmi işçi vəzifələrində çalışmışdır. 1990-cı ildə onun təşəbbüsü ilə institutda “Torpaqşünaslıq və aqrokimya tədqiqatlarında elektron hesablama maşınlarından istifadə” qrupu yaradılmışdır. 1995-ci ildə isə həmin qrupun bazasında “Torpaq informatikası və monitorinqi” yaradılmış və A.İsmayılov bu günə kimi həmin laboratoriyaya rəhbərlik edir. 2015-ildən etibarən  laboratoriya “Torpaq-cooğrafi informasiya sistemləri laboratoriyası” adlanır.

O, 1997-2009-cu illərdə Azərbaycan Respublikası Dövlət Torpaq  və Xəritəçəkmə Komitəsində Dövlət Torpaq Kadastrı və Monitorinqi Elm-İstehsalat Mərkəzinin direktoru vəzifəsində çalışmışdır. Respublikamızda həyata keçirilmiş torpaq islahatının elmi-texnoloji əsaslarını təmin etmək məqsədilə torpaq kadastrının, o cümlədən torpaq sahələrinin qeydiyyatının müasir geoinformasiya sistemləri bazasında aparılmasının konseptual əsaslarını, həmçinin  xəritələrin, müxtəlif göstəricilər üzrə kartoqramların tərtibi üçün avtomatlaşdırılmış informasiya sistemlərindən istifadə yollarını təklif etmiş və istehsalatda tətbiq etmişdir. Elm və istehsalatın əlaqəsinin ümumiləşdirilmiş nəticəsi kimi, 2004-cü ildə  “Azərbaycan torpaqlarının informasiya sistemi” adlı monoqrafiya çap etdirmişdir.   

Alim 2004-cü ildən Azərbaycan Memarlıq və İnşaat Universitetinin Geomatika kafedrasının professoru kimi pedaqoji fəaliyyətini davam etdirməklə, torpaq və şəhər kadastrı, həmçinin CİS sahəsində milli kadrların hazırlanmasında yaxından iştrak edir.  

Onun elmi tədqiqatları əsasən Azərbaycanda torpaq informatikasının və torpaq-ekoloji tədqiqatlarda CİS texnologiyalarında istifadənin elmi əsaslarının yaradılmasına  həsr olunub.

Tədqiqatlar CİS əsasında torpaq-ekoloji mühit göstəricilərinin Verilənlər Bazasının, torpaqların mövcud vəziyyətinin qiymətləndirilməsi üçün ekspert sistemlərinin, CİS bazasında  rəqəmsal torpaq xəritələrinin yaradılması, torpaqların konseptual diaqnostik modellərinin hazırlanması, CİS bazasında rəqəmsal torpaq xəritələrinin tərtibi və s. mövzuları əhatə edir.

A.İsmayılov Ümumittifaq Torpaqşünaslar və Ümumdünya Torpaqşünaslar Cəmiyyətinin, Ali Attestasiya Komissiyasının biologiya və kənd təsərrüfatı elm sahələri üzrə Ekspert şurasının üzvü olmuşdur. Macarıstanda nəşr olunan impakt faktorlu “Applied Ecology and Environmental Research”  beynəlxalq elmi jurnalın redaktorlar şurasının üzvüdür.

2015-ci ildə AMEA Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası Torpaq və su ehtiyatlarının idarəedilməsi və ətraf mühitin mühafizəsi problemləri üzrə Elmi Şuranın sədri seçilmişdir.

Azərbaycanda və xaricdə çap olunan 110-a yaxın elmi əsərin, o cümlədən 4 kitab, 4 monoqrafiya  və 2 ali məktəb dərsliyinin müəllifidir (bəziləri həmmüəlliflə).

Görkəmli elm mücahidini 65 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edir, Ulu Tanrıdan ona uzun ömür, möhkəm can sağlığı, Azərbaycan aqrar elminin inkişafı yolunda yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.