www.science.az
11.03.2016 13:11

Alimlər kök hüceyrələrinin köməyi ilə göz büllurunun bərpasına nail olublar

Amerika və Çin molekulyar bioloqları kök hüceyrələrinin köməyilə gözün kataraktasının müalicəsinin yeni metodikasını hazırlayıblar. Bu texnologiya vasitısilə pasiyentin gözündə yeni büllur yaratmaq mümkün olub. 

Bioloqlar kök hüceyrələrinin vasitəsilə kataraktadan əziyyət çəkən 12 pasiyentin zədələnmiş göz “linzasını” müvəffəqiyyətlə əvəz etməyə nail olublar.

ABŞ-ın Kaliforniya Universitetinin alimi Kan Çjan bildirib ki, kök hüceyrələri ilə əlaqədar olan bütün tədqiqatların əsas məqsədi bu hüceyrələrin regenerasiya potensialından istifadə etməklə orqan və toxumaların, həmçinin anadangəlmə xəstəliklərin müalicəsinin üsullarını öyrənməkdir.

Qeyd edək ki, alimlər apardıqları müalicələr zamanı embrional kök hüceyrələrindən deyil, onların yalnız bəzi orqanlarda az miqdarda toplanmış hüceyrələrindən istifadə edirlər.

Alimlərin sözlərinə görə, məhz bu hüceyrələr ölmüş hüceyrələri tədricən əvəz edərək orqanizmin “xırda təmiri”ni həyata keçirir. Yaşlanarkən bu hüceyrələrin fəallığı zəifləyərək bölünmə qabiliyyətini itirir. Buna görə də katarakta və görmə qabiliyyəti ilə əlaqədar bir çox başqa problemlər əsasən yaşlanarkən inkişaf edir.

Yeni əməliyyatı öncə siçovul və dovşanlar üzərində böyük müvəffəqiyyətlə həyata keçirmiş alimlər zədələnmiş bülluru çıxarıb əvəzində kök hüceyrələrini inkişaf etdirərək büllurun 7 həftə müddətində bərpasına nail olublar. Bu uğurdan sonra alimlər bu kliniki eksperimentləri katarakta ilə anadan olmuş 12 körpənin üzərində həyata keçirtmək üçün icazə əldə ediblər. 3 aydan sonra körpələrin göz büllurları tamamilə bərpa olunub. Beləliklə, onlar normal görmə qabiliyyətinə qovuşublar.

Hazırda alimlər bu metodikanın yaşlı insanlar üzərində də tədbiqi üçün işlər görürlər. Bioloqların sözlərinə görə, əgər bu sahədə də uğurlu nəticə əldə olunarsa, bu gün görmə qabiliyyətinin itirilməsinin əsas səbəblərindən birinin qarşısı alınmış olacaq.

www.ria.ru