www.science.az
09.03.2016 16:08

Azərbaycanlı alim Türkiyədə simpoziumda çıxış edib

Türkiyənin Trakya Universitetində “Əvvəli və davamı ilə Neolit dövrünü anlamaq” mövzusunda elmi simpozium keçirilib.

Anadolu ərazisindəki neolit abidələrinin son dövrdəki tədqiqi ilə bağlı əldə olunan elmi nəticələrin təhlilinə həsr edilən tədbirdə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Fərhad Quliyev iştirak edib.

Tədbirdə F.Quliyevin “Güney Qafqazda neolitləşmə prosesi” mövzusunda məruzəsi dinlənilib. Məruzədə Azərbaycanda aşkarlanmış Göytəpə neolit yaşayış məskənində aparılan tədqiqatların son nəticələri barədə məlumat verilib.Türkiyəli arxeoloqlar Göytəpə neolit dövrü yaşayış məskənində Azərbaycan arxeoloqlarının apardıqları tədqiqatlara həsr edilmiş elmi monoqrafiyanın ingilis dilində nəşrinə dəstək göstərməyə hazır olduqlarını bildiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.