www.science.az
09.03.2016 18:10

Nar bitkisinin genetik müxtəlifliyi tədqiq edilib

Azərbaycan narı tarixən öz keyfiyyətinə və məhsuldarlığına görə seçilmiş, dünya bazarında özünə layiq yer tutmuş və ölkənin milli simvollarından birinə çevrilmişdir. Ölkədə narın zəngin genetik müxtəlifliyi mövcuddur. Uzun illər xalq tərəfindən və elmi seleksiya yolu ilə narın 200-ə yaxın yerli sortu yaradılmışdır.

AMEA Genetik Ehtiyatlar İnstitutu (GEİ) əldə etdiyi mühüm elmi nəticələri və həyata keçirdiyi innovativ layihələrlə  Akademiyanın öndə gedən qurumlarından biridir. İnstitutun əsas elmi istiqamətləri mədəni bitkilər və onların yabanı əcdadlarının, qiymətli, nadir, itməkdə və nəsli kəsilməkdə olan cinslərin bərpası, çoxaldılması, yeni sortların yaradılmasından və müvafiq sahələrdə ölkə institutlarının fəaliyyətinin əlaqələndirilməsindən və s. ibarətdir.

Fəaliyyət göstərdiyi illər ərzində GEİ-də Azərbaycanın müxtəlif bölgələrindən mədəni bitkilərin və onların yabanı əcdadlarının 400 növünə aid 7000-nə yaxın bitki nümunəsinin toxumları toplanılmış və pasportlaşdırılmışdır. Yeni tip şaxəli sünbüllü buğda formalarının alınması ilə uzaq hibridləşmənin genetik müxtəlifliyin zənginləşdirilməsindəki rolu eksperimental olaraq sübuta yetirilmişdir. Azərbaycanda, ilk dəfə olaraq, paxlalı bitkilərin mədəni və yabanı növlərində paxla yarpaq qıvrılması, çuğundur qərbi sarılıq, noxud xlorotik alçaqboyluluq, paxla nekrotik sarılıq və toxumla yayılan göy noxud mozaika viruslarının aşkar edilərək onların nukleotid ardıcıllığının müəyyən edilməsi də qurumun əldə etdiyi əsas elmi nəticələrdəndir.

Son zamanlar GEİ-də aparılan geniş tədqiqat işlərindən biri də nar bitkisinin genetik müxtəlifliyi ilə əlaqədar olmuşdur. Belə ki, institutda AMEA rəhbərliyinin dəstəyi ilə narın genofondunun toplanması, qorunması və qiymətləndirilməsi sahəsində mühüm addımlar atılmış, yerli xalq seleksiyası sortları və yabanı populyasiyaların yayılma arealları müəyyən edilmişdir.

Azərbaycanın Kür-Ələzən, Əyriçay sahillərində, Böyük və Kiçik Qafqazın cənub yamaclarında, Şirvan, Lənkəran və digər subtropik ərazilərində nar bitkisinin geniş yabanı müxtəlifliyinə rast gəlinir. Azərbaycan nar bitkisinin ilkin əmələgəlmə və mədəniləşmə mərkəzlərindən biri olmasına baxmayaraq, bu barədə ciddi elmi araşdırmaların sayı olduqca azdır.

İlk dəfə olaraq Azərbaycan gülöyşəsi nar sortundan yüksək keyfiyyətə və qatılığa malik nüvə DNT-sinin ekstraksiyası həyata keçirilmişdir.

Aparılan ekspedisiyalar zamanı nar bitkisinin 85 sort və 100 yabanı populyasiyalarının yarpaq nümunəsi götürülmüş və ölkədə, ilk dəfə olaraq, molekulyar marker texnologiyasından istifadə etməklə, onların genetik müxtəlifliyi tədqiq edilmişdir. Tədqiqatın nəticələri əsasında müxtəlif bölgələrdən toplanmış nar sort və formalarının zəngin genetik bazaya malik olması və müxtəlif istiqamətli seleksiya proqramlarında qiymətli mənbə və donor kimi istifadə üçün münasib olduğu aşkar edilmiş, bu araşdırma ilə bağlı dünya elmi ictimaiyyəti üçün məqalə hazırlanmışdır. İlk dəfə olaraq, nar bitkisinin nüvə genomunun sekvensi, transkriptom analizi üzrə işlərin planlaşdırılması və metodikaların hazırlanması sahəsində beynəlxalq mərkəzlərlə müzakirələr aparılmışdır. GEİ-də quraşdırılan Yeni Nəsil Sekvenserləri vasitəsilə nar nümunələrinin sekvens əsasında genotipləşdirilməsi (GBS), həmçinin xloroplast genomunun sekvensi üzrə təcrübələrin həyata keçirilməsinə başlanılmışdır. Bu məqsədlə, Azərbaycan gülöyşəsi nar sortunda, ilk dəfə olaraq, xloroplast DNT-sinin ekstraksiyası yerinə yetirilmiş və 200 nukleotid cütündən ibarət DNT kitabxanası hazırlanmışdır.

Tam genom analizinin, bütün dünyada olduğu kimi, bir neçə platformada paralel şəkildə aparılmasının vacibliyi nəzərə alınaraq, nar bitkisinin nüvə genom sekvensi və transkriptom analizi beynəlxalq mərkəzlərlə birgə həyata keçirilməkdədir. Belə ki, GEİ-nin Biotexnologiya şöbəsində, ilk dəfə olaraq Azərbaycan gülöyşəsi nar sortundan yüksək keyfiyyətə və qatılığa malik nüvə DNT-sinin ekstraksiyası həyata keçirilmiş, müxtəlif ölçülü kitabxanalar hazırlanmışdır. Hazırda ayrı-ayrı platformalarda genomun oxunması işi davam etdirilir.

Tədqiqat işi AMEA tərəfindən maliyələşdirilən “Genom və transkriptom səviyyəsində bitki genetik ehtiyatlarının identifikasiyası, onların saxlanılması və səmərəli  istifadəsi üzrə dayanıqlı sistemin yaradılması”  adlı elmi-tədqiqat proqramı çərçivəsində yerinə yetirilir. Bu araşdırmalar Azərbaycanın zəngin nar genetik ehtiyatlarını dünyaya tanıtmaqla yanaşı, nar bitkisinin seleksiyası sahəsində də ciddi nailiyyətlərin əldə edilməsinə kömək edəcək. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.