www.science.az
07.03.2016 15:37

“NATO-nun Varşava Sammiti: imkanlar və gözləntilər” mövzusunda beynəlxalq konfrans keçirilib

Martın 7-də Bakıda “NATO-nun Varşava Sammiti: imkanlar və gözləntilər” mövzusunda beynəlxalq konfrans keçirilib.

Konfrans AMEA-nın İnsan Hüquqları İnstitutu, NATO-nun Azərbaycandakı Nümayəndəliyi və Rumıniyanın Azərbaycan Respublikasındakı Səfirliyinin birgə təşkilatçılığı ilə təşkil olunub.

Müvafiq qurumların nümayəndələrinin, beynəlxalq təşkilatların təmsilçilərinin, alim və mütəxəssislərin iştirak etdikləri konfransda İnsan Hüquqları İnstitutunun direktoru, hüquq üzrə elmlər doktoru Aytən Mustafayeva Azərbaycan-NATO əməkdaşlığının əhəmiyyətindən danışıb. O, Azərbaycanın təhlükəsizliyə, sülhə və sabitliyin qorunmasına daim xüsusi önəm verdiyini vurğulayıb.

Müasir dünyada gedən siyasi proseslərdən, NATO-nun fəaliyyətinin mühüm rolundan bəhs edən Rumıniyanın Azərbaycandakı səfiri Daniel Kristian Çiobanu NATO-Azərbaycan münasibətlərinin inkişaf etdiyini diqqətə çatdırıb. Səfir NATO-nun Varşava Sammitinin çox uğurla keçəcəyinə əminliyini vurğulayıb.

Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının xarici əlaqələr şöbəsinin baş məsləhətçisi Elmar Hüseynov ümummilli lider Heydər Əliyevin Azərbaycan-NATO əməkdaşlığına daim böyük əhəmiyyət verdiyini, Ulu Öndərin siyasi xəttinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib. O, Azərbaycanın NATO-nun ən fəal tərəfdaşlarından biri olduğunu qeyd edərək Prezident İlham Əliyevin Alyansın sammitlərində mütəmadi iştirak etdiyini xatırladıb.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan E.Hüseynov NATO-nun öz sammitlərində və yekun bəyannamələrində ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə verdiyi dəstəyin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Tədbirdə Xarici İşlər Nazirliyinin Beynəlxalq təhlükəsizlik şöbəsinin müdiri Qaya Məmmədovun “Azərbaycan-NATO əməkdaşlığı”, NATO-nun Baş ofisinin siyasi məsələlər və təhlükəsizlik bölməsinin Avroatlantik inteqrasiya və tərəfdaşlıq üzrə aparıcı eksperti Steffen Elgersmanın “Azərbaycan-NATO əlaqələrinin gələcəyi” mövzusunda məruzələri dinlənilib.

Beynəlxalq konfransda Azərbaycan, Şimali Atlantika İttifaqı və tərəfdaş ölkələr arasında əməkdaşlığın bir sıra aspektləri ətrafında fikir mübadiləsi aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.