www.science.az
07.03.2016 10:06

“I Şah İsmayıl– sərkərdə və hökmdar” sərgisində nadir eksponatlar nümayiş etdiriləcək

AMEA Milli Azərbaycan Tarixi Muzeyində “I Şah İsmayıl– sərkərdə və hökmdar” sərgisinin informasiya-məlumat panelləri qurulur.

130-dan artıq nadir eksponatın nümayiş etdiriləcəyi sərgidə müxtəlif əyani vəsaitlər də göstəriləcək. Belə ki, Azərbaycan Səfəvilər dövlətinin hökmdarı, görkəmli sərkərdə I Şah İsmayılın həyat və fəaliyyətini geniş əks etdirmək məqsədilə sərgidə 22 informasiya-məlumat paneli, iki xəritə, iki portret, altı iriölçülü banner qurulur.

Sərgidə “Görkəmli alimlər I Şah İsmayıl haqqında”, “I Şah İsmayılın şəxsiyyəti”, “I Şah İsmayılın uşaqlıq illəri”, “I Şah İsmayılın 1503-1509-cu illərdə qazandığı qələbələr”,“Mərv döyüşü”, “Çaldıran döyüşü”,“I Şah İsmayılın 1514-1524-cü illərdəki fəaliyyəti”, “Səfəvilər dövləti – rəmzlər, dövlət dili, inzibati quruluşu”, “I Şah İsmayılın dövründə Səfəvilər dövlətinin iqtisadiyyatı” və s. bölmələr tərtib olunur.

Qeyd edək ki, panellərdə fotoşəkillər, tablo və sxemlər, eləcə də Azərbaycan, rus və ingilis dillərində məlumatlar təqdim edilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.