Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Xəzər dənizinin hidrometeorologiyası” atlasının Kanadada elektron versiyası nəşr edilib
07.03.2016 09:57
  • A-
  • A
  • A+

“Xəzər dənizinin hidrometeorologiyası” atlasının Kanadada elektron versiyası nəşr edilib

Kanadanın Sophia Publishing Group Inc. nəşriyyatı AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov və İran İslam Respublikasının Xəzər Dənizi Tədqiqatları Mərkəzinin əməkdaşı Homayoun Xoşrəvanın “Xəzər dənizinin hidrometeorologiyası” atlasının elektron versiyasını nəşr edib.

Atlasın giriş hissəsində Xəzər dənizi və onun hövzəsinin fiziki-coğrafi və iqlim xüsusiyyətləri haqqında ümumi məlumat, Azərbaycan Respublikasında Xəzər dənizinin tədqiqatlarının təşkili tarixi, bu sahədə işləyən elmi-tədqiqat institutları və dövlət təşkilatları, onların fəaliyyətinin istiqamətləri və s. barədə ətraflı məlumat verilir. 

Atlas üç fəsildən, 270 xəritədən ibarətdir. Birinci fəsildə Xəzərin sahil zonasının və dibinin geomorfoloji xüsusiyyətləri və xəritələri, onların şərhi təqdim olunur.

İkinci fəsil dənizin fiziki xassələrinə həsr olunub. Burada dənizin axınları və su dövranları, səth dalğaları, suyun temperaturu, duzluluğu, şəffaflığı, alberdosu və başqa parametrlərin xəritələri və onların şərhləri verilir. Xəzərin əsas problemlərindən olan səviyyə problemi də bu fəsildə öz əksini tapıb.

Üçüncü fəsil Xəzər dənizinin iqlimi və meteorologiyasından bəhs edir. Havanın temperaturu, rütubəti, şəffaflığı, buludluluq, küləyin istiqaməti və sürəti, günəş radiasiyasının xəritələri verilib.

Atlas bütün dünyada Xəzər dənizi ilə maraqlanan təsərrüfat işçiləri və elmi tədqiqatçılar üçün maraqlıdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: