www.science.az
04.03.2016 14:27

Ədəbiyyat İnstitutunda almaniyalı alimlərlə əməkdaşlıq məsələləri müzakirə olunub

AMEA Nizami adına Ədəbiyyat İnstitutunda Almaniyanın Vürtsburq Universitetinin professoru, Osvald fon Volkenstayn Cəmiyyətinin prezidenti, Bakı Slavyan Universitetinin nəzdindəki Germanistika İnstitutunun professoru Ziqlinde Hartmann və Auqsburq Universitetinin professoru Klaus Volfla görüş keçirilib.

AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli bu elmi müəssisənin yaranma tarixi, inkişaf yolu, əsas elmi istiqamətləri barədə qonaqlara ətraflı məlumat verib. Akademik İ.Həbibbəyli rəhbərlik etdiyi müəssisənin fəaliyyətində beynəlxalq əlaqələrə xüsusi diqqət yetirildiyini söyləyib.

Qarşılıqlı maraq doğuran elmi fəaliyyət istiqamətlərindən danışan İ.Həbibbəyli bu əlaqələrin ədəbiyyatşünaslıq sahəsində ölkələrimiz arasındakı əməkdaşlıqda səmərəli olacağını qeyd edib. Azərbaycan-Almaniya münasibətlərinin dərin tarixi köklərə malik olduğunu, bu əlaqələrin daima inkişaf etdirildiyini nəzərə çatdıran akademik İsa Həbibbəyli iki ölkə arasında elmi-mədəni əməkdaşlığın bundan sonra da davam etdirilməsinin vacibliyini vurğulayıb.  

Professor Ziqlinde Hartman Germanistika İnstitutunun fəaliyyət istiqamətləri, prezidenti olduğu cəmiyyətin yaratdığı elmi əlaqələr, aparılan elmi tədqiqat işləri barədə məlumat verib. Alim elm sahələri üzrə Azərbaycanla əlaqələrin genişləndirilməsinin əməkdaşlığın davamlı inkişafına zəmin yaratdığını bildirib.

Auqsburq Universitetinin professoru Klaus Volf da öz növbəsində  təmsil etdiyi ali təhsil müəssisəsində keçiriləcək beynəlxalq konfrans və qurultaylardan bəhs edərək, Azərbaycan alimlərinin də bu tədbirlərdə iştirakının məqsədəmüvafiq olduğunu vurğulayıb. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.