www.science.az
03.03.2016 10:24

Akademik Tofiq Nağıyevin 75 yaşı tamam olur

Mart ayının 4-də görkəmli kimyaçı alim, “Şöhrət” ordenli, AMEA-nın vitse-prezidenti, "Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin direktoru, akademik Tofiq Murtuza oğlu Nağıyevin 75 yaşı tamam olur.

Tofiq Nağıyev 1941-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1964-cü ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Kimya fakültəsini bitirmişdir. Hələ tələbə ikən 1962-ci ildə Azərbaycan SSR EA-nın Neft-Kimya Prosesləri İnstitutunda karbohidrogenlərin hidrogen peroksidlə oksidləşdirici dehidrogenləşməsi sahəsində elmi-tədqiqat işləri ilə məşğul olmuş, əmək və elmi fəaliyyətini akademik M.Nağıyev adına Kimya Texnologiyasının Nəzəri Problemləri İnstitutunda davam etdirmişdir.

1969-cu ildən Azərbaycan SSR EA Kimya Texnologiyasının Nəzəri Problemləri İnstitutunda (indiki Kataliz və Qeyri-üzvi Kimya İnstitutu) laboratoriya müdiri vəzifəsində çalışmış, hazırda isə həmin institutda Koherent sinxronlaşdırılmış oksidləşmə reaksiyaları şöbəsinin müdiridir.

Akademik Tofiq Nağıyev 1967-ci ildə namizədlik, 1974-cü ildə doktorluq dissetrasiyalarını müdafiə etmiş, 1976-ci ildə professor adına layiq görülmüşdür. 1989-cu ildə Azərb.EA-nın müxbir üzvü, 2001-ci ildə isə AMEA-nın həqiqi üzvü seçilmişdir.

1994-96-cı illərdə Ali Attestasiya Komissiyasının (AAK) kimya üzrə ekspert şurasının sədri, 2001-2015-ci illərdə Azərbaycan Respublikası Prezidenti yanında AAK Rəyasət Heyətinin üzvü olmuşdur. 2007-ci ildən AMEA Rəyasət Heyətinin üzvü, 2013-cü ildən isə AMEA-nın vitse-prezidentidir.

2004-cü ildə Azərbaycan Milli Ensiklopediyası Redaksiya Heyətinin məsul katibi və “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin direktoru təyin edilmişdir. Alimin rəhbərliyi ilə Azərbaycan və rus dillərində “Azərbaycan” xüsusi cildi və çoxcildli universal milli ensiklopediyasının I-VI cildləri hazırlanaraq nəşr olunmuşdur.

Akademik Tofiq Nağıyevin elmi fəaliyyəti əsasən hidrogen-peroksidlə koherent-sinxronlaşdırılmış oksidləşmə reaksiyalarının öyrənilməsi və onların elmi əsaslarının işlənib hazırlanması ilə bağlıdır.

Alim koherent-sinxronlaşdırılmış kimyəvi və biokimyəvi reaksiyaların makrokinetik nəzəriyyəsini işləyib hazırlamış,  mürəkkəb reaksiyaların yeni kinetik təhlil üsulunu təklif etmişdir. Hidrogen peroksidlə üzvi birləşmələrin sərbəst-radikal mexanizmi üzrə oksidləşməsi reaksiyaları sahəsində dehidrogenləşmə, epoksidləşmə, hidroksilləşmə, atmosfer azotunun fiksasiyası və təbii qazın oksidləşməsi reaksiyalarını tədqiq etmiş, HO2-radikalının iştirakı ilə gedən elementar reaksiyaları müvafiq kinetik parametrlərlə səciyyələndirmişdir. Monooksigenaz, peroksidaz və katalaz reaksiyalarının tədqiqinin biotexnologiyada tətbiqi nəticəsində biomimetik sensorlar işləyib hazırlamışdır.

Molekulyar azotun hidrogen peroksidlə fiksasiyası reaksiyasının mexanizminin  kvant-kimyəvi tədqiqatları nəticəsində azot 1-oksidin alınması və dayanıqlı HOO – N = N – OOH  intermediatının mövcudluğu nəzəri cəhətdən əsaslandırılmış və bu proses “Nağıyev effekti” adlandırılmışdır.

Akademik 3 monoqrafiya, 490 elmi əsər, patent və ixtiraların müəllifidir. Onun rəhbərliyi altında 22 fəlsəfə və 1 elmlər doktorluq dissertasiyası müdafiə olunmuşdur.

T.Nağıyevin xidmətləri dövlət tərəfindən də yüksək qiymətləndirilmişdir. O, “Rəşadətli əməyə görə” medalı, “Şöhrət” ordeni ilə təltif olunmuş, Azərbaycan Respublikasının “Dövlət mükafatı”na layiq görülmüşdür.

Görkəmli elm mücahidini 75 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edir, Ulu Tanrıdan ona uzun ömür, möhkəm can sağlığı, Azərbaycan elminin inkişafı yolunda yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.