Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

25.02.2016 16:21
  • A-
  • A
  • A+

“Tarixin Xocalı xəcaləti” mövzusunda tədbir keçirilib

“Tarixin Xocalı xəcaləti” mövzusunda tədbir keçirilib

Fevralın 25-də AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində Xocalı faciəsinin 24-cü ildönümünə həsr olunmuş “Tarixin Xocalı xəcaləti” mövzusunda tədbir keçirilib.

Əvvəlcə Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə muzeyin direktoru, akademik Rafael Hüseynov Xocalı faciəsinin başvermə səbəblərindən və acı nəticələrindən söz açıb. Qeyd edilib ki, keçmiş SSRİ-nin 366-cı alayının dəstəyi ilə erməni qəsbkarlarının həyata keçirdikləri bu soyqırımı, misli görünməmiş vəhşilik aktı təkcə xalqımıza deyil, bütün bəşəriyyətə qarşı törədilmiş cinayət kimi XX əsrin tarixinə düşüb. Xocalıda yüzlərlə əliyalın insan - qoca, cavan, uşaq, qadın görünməmiş amansızlıqla qətlə yetirilib, evlər yandırılıb, şəhər yerlə-yeksan edilib.

Akademik R.Hüseynov hər il dünyanın müxtəlif ölkələrində Xocalı soyqırımının ildönümü ilə bağlı anım mərasimlərinin keçirildiyini vurğulayaraq qeyd edib ki, əsas məqsəd Azərbaycan xalqının uzun illər ərzində məruz qaldığı təcavüz barədə dünya ictimaiyyətini dolğun məlumatlandırmaq, erməni yalanlarını ifşa etməkdir.

Muzeyin direktoru Xocalıda dinc əhaliyə qarşı törədilmiş cinayətə beynəlxalq səviyyədə siyasi-hüquqi qiymət verilməsinin və bəşəriyyətə qarşı bu cinayəti törədənlərin cəzalandırılmasının zəruriliyini vurğulayıb.

Sonda Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin X.Natəvan adına Qarabağ filialının əməkdaşlarının dünya muzeylərinə müraciəti səsləndirilib. Müraciətdə Ermənistan dövlətinin Azərbaycana qarşı işğalına son qoyması, zəbt edilmiş torpaqlarımızın azad edilməsi, qaçqınların və məcburi köçkünlərin öz yurd-yuvalarına qayıtması üçün dünya muzeylərinə çağırış əks olunub.

Tədbir çərçivəsində Xocalı faciəsinin dəhşətlərini əks etdirən stendlər də nümayiş etdirilib. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: