Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Naxçıvan Bölməsində Xocalı faciəsi qurbanlarının xatirəsi anılıb
25.02.2016 10:31
  • A-
  • A
  • A+

Naxçıvan Bölməsində Xocalı faciəsi qurbanlarının xatirəsi anılıb

AMEA Naxçıvan Bölməsində Xocalı soyqırımının 24-cü ildönümünə həsr olunmuş  “Xocalı faciəsi: insanlığa qarşı cinayət” mövzusunda konfrans keçirilib.

Əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə bölmənin sədri, akademik İsmayıl Hacıyev bədnam ermənilərin zaman-zaman qəsbkarlıq siyasəti apardıqlarını, torpaqlarımızda günahsız qanlar axıtdıqlarını bildirib.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni cəlladlarının keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının köməyi ilə Xocalıda törətdikləri amansız qırğınlardan danışan akademik İ.Hacıyev qeyd edib ki, bu hadisə zamanı düşmən 613 nəfəri xüsusi qəddarlıqla qətlə yetirib, yüzlərlə sakini əsir və girov götürüb.

Vurğulanıb ki, Xocalı faciəsi qan yaddaşımızdan heç zaman silinməyəcək.

İ.Hacıyev ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Xocalı faciəsinə siyasi-hüquqi qiymət verildiyini xatırladıb.

Konfransda bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun elmi katibi, tarix üzrə fəlsəfə  doktoru  Yaşar Rəhimovun “Xocalı faciəsinə gedən yol”, institutun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent  İlhami Əliyevin “Xocalı faciəsi ermənilərin azərbaycanlılara qarşı yeritdiyi soyqırım siyasətinin tərkib hissəsi kimi”, institutun böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Zeynəb Quliyevanın “Xocalı qəhrəmanları”, İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Qasımovun “Xocalı faciəsinin Azərbaycan ədəbiyyatında əksi” mövzusunda məruzələri dinlənilib.

Çıxış edənlər Xocalı soyqırımını beynəlxalq terror aktı kimi dəyərləndiriblər. Bildirilib ki, Xocalı soyqırımı Azərbaycan xalqının tarixinə qəhrəmanlıq səhifəsi kimi yazılıb. Bu səhifə illər keçdikcə bugünkü gəncliyə çatdırılmalı, hər bir azərbaycanlı öz tarixini dərindən bilməlidir. Bu mövzuda fundamental əsərlər yazılmalı, tariximiz itməməlidir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: