www.science.az
24.02.2016 12:14

Multimedia Qalereyasının maddi-texniki bazası gücləndirilir

AMEA İnformasiya Texnologiyaları İnstitutunda keçirilən Elmi şuranın növbəti iclasında institutun sektor müdiri Kəmalə Haşımova Multimedia Qalereyasının 2016-cı il üçün fəaliyyət planını təqdim edib. Multimedia Qalereyasının fəaliyyəti, informasiya təminatı, menecmenti və strukturunun təşkil olunması, maddi-texniki bazasının formalaşdırılması, kadr təminatı, AzScienceNet elm kompüter şəbəkəsinin Data Mərkəzində yerləşdirilməsi işləri haqqında məlumat verib.

Bildirib ki, Multimedia Qalereyasının verilənlər bazasının yaradılması və istismarı istiqamətində bazaya foto və video materialların daxil edilməsi və bazada axtarışı üçün formaların hazırlanması, fotomaterialların üzərində dizayn işlərinin yerinə yetirilməsi nəzərdə tutulur.

Sektor müdiri AMEA-nın rəsmi www.science.az portalı, Elm TV və institutun www.ict.az saytı tərəfindən hazırlanmış materiallların, o cümlədən AMEA-nın institut və təşkilatlarının arxiv, video, audio və foto materiallarının Multimedia Qalereyasının verilənlər bazasına daxil edilməsi istiqamətində görüləcək işlərdən danışıb.

Qeyd edib ki, Multimedia Qalereyasının yüksək texniki göstəriciyə malik olan kompüterlə təmin olunması, böyük həcmli yaddaş tutumuna malik avadanlıqlar və yüksək keyfiyyətli qurğularla təchizi də cari ildə planlaşdırılan işlər sırasındadır.

Sonra AMEA-nın akademik-katibi, institutun direktoru, akademik Rasim Əliquliyev çıxış edərək AMEA-nın elmi və elmi-təşkilati fəaliyyətinin müxtəlif istiqamətlərini əhatə edən audio video, və foto məzmunlu multimedia resurslarını özündə əks etdirən Multimedia Qalereyasının akademiyanın elektron arxivi olaraq böyük əhəmiyyətə malik olduğunu söyləyib. Qalereyanın fəaliyyətini tənzimləyən normativ-hüquqi bazanın gücləndirilməsi, beynəlxalq standartlara uyğunlaşdırılması, innovativ texnologiyaların tətbiqi, burada yerləşdirilmiş məlumatların etibarlı saxlanması və kadr potensialının artırılmasının zəruriliyindən danışıb.  

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.