Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

17.02.2016 17:52
  • A-
  • A
  • A+

Lənkəran Regional Elmi Mərkəzi yeni tədqiqat istiqamətlərini müəyyənləşdirib

Lənkəran Regional Elmi Mərkəzi yeni tədqiqat istiqamətlərini müəyyənləşdirib

Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclasında AMEA-nın Lənkəran Regional Elmi Mərkəzinin (LREM) 2015-ci il üçün hesabatı dinlənilib.

Mərkəzin direktoru, kənd təsərrüfatı üzrə elmlər doktoru Fərman Quliyev elmi və elmi-təşkilati fəaliyyətin yekunlarına dair məruzə ilə çıxış edərək müxtəlif elmi istiqamətlərlə bağlı aparılan tədqiqat işləri barədə məlumat verib. Lənkəran-Astara bölgəsində müasir dövrdə müxtəlif bitkilərin inkişaf etdirilməsi üçün iqlim şəraitinin öyrənilməsi, bu məqsədlə əlverişli məntəqələrin müəyyənləşdirilərək AMEA Coğrafiya İnstitutu ilə birgə xəritələşdirilməsi, Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu, həmçinin digər elmi tədqiqat institutları ilə meyvə və bitki növlərinin müxtəlifliyinin vahid mərkəzdə toplanılması, bu bitkilərin genetik bankının yaradılması, bölgədə fəaliyyət göstərən elmi tədqiqat müəssisələrində aparılan araşdırmaların vahid mərkəzdən idarə olunması modelinin hazırlanması və tətbiqi, elmi tədqiqatlar üzrə ekspertizanın həyata keçirilməsi məsələlərinin prioritet istiqamətlərdən olduğu bildirilib. Qeyd edilib ki, bölgənin spesifik torpaq-iqlim şəraitində yetişdirilən meyvə, subtropik, tərəvəz və digər bitkilərin yüksək keyfiyyət göstəriciləri nəzərə alınmaqla məhsulların dünya standartları səviyyəsində emal olunması, qabaqcıl texnologiyaların mənimsənilməsi məqsədilə LREM-in biokimyəvi laboratoriya ilə təminatı, fundamental, tətbiqi elmi tədqiqatların təşkili, əlaqələndirilməsi və elmtutumlu təsərrüfat subyektlərinin, elmi-istehsalat yönümlü təcrübə-sınaq zavod və fabriklərin yaradılmasına, eləcə də elmlə istehsalatın qarşılıqlı əlaqələndirilməsi əsas hədəflərdəndir.

F.Quliyev AMEA-nın müvafiq institutları ilə bölgədə herantoloji tədqiqat işlərinin aparılmasının da nəzərdə tutulduğunu söyləyib: "Bundan əlavə, Lənkəranda elmi-tədqiqat baxımından mühüm əhəmiyyət kəsb edən Botanika Bağının yaradılması, Lənkəran subtropik bölgəsində subtropik bitkiçilik, bəzək bağçılığı, gülçülük ixtisasları üzrə ali təhsilli mütəxəssis-texnoloqların hazırlanması da vacib məsələlərdən biridir". Məruzəçi Azərbaycan dili, arxelogiya, etnoqrafiya, tarix, maddi və mənəvi mədəniyyət sahələrində tədqiqatların genişləndirilməsinin regional elmi mərkəzin qarşısında duran əsas vəzifələrdən olduğunu da bildirib.

Mərkəzin direktoru hesabat ilində AMEA LREM ilə Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu arasında birgə elmi tədqiqat işlərinin aparılmasına dair müqavilənin imzalandığını qeyd edib. Gürcüstan və Türkiyənin bir neçə elmi tədqiqat institutları ilə araşdırmaların aparılmasına dair niyyət protokolunun imzalanmasının nəzərdə tutulduğunu vurğulayıb. Qeyd olunub ki, mərkəzin gələcək fəaliyyəti dövründə respublikanın, xüsusilə bölgənin elmi tədqiqat müəssisələri ilə aparılacaq birgə tədqiqatlara dair əməkdaşlıq müqavilələri hazırlanıb.

Məruzə dinlənildikdən sonra elmi mərkəzin 2015-ci ildəki elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatının təsdiq edilərək Akademiyanın illik hesabatına daxil edilməsi barədə qərar qəbul edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: